Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyi İsmayıl Haniyənin şəhadətinin ikinci ildönümü münasibətilə yaydığı bəyanatda HƏMAS Siyasi Bürosunun sabiq rəhbərinin xatirəsini ehtiramla yad edərək, Fələstin amalına dəstəyin davam etdirilməsini, Qəzza zolağı və İordan çayının qərb sahilində yaşayan Fələstin xalqının əzablarının yüngülləşdirilməsi üçün beynəlxalq ictimaiyyətin təxirəsalınmaz tədbirlər görməsinin, eləcə də sionist rejimin törətdiyi cinayətlərin məsul şəxslərinin mühakimə olunmasının zəruriliyini vurğulayıb.
Bəyanatda deyilir:
İki il əvvəl məhz bu günlərdə İslam Müqavimət Hərəkatının (HƏMAS) cəsur lideri, Fələstinin azadlığı və izzəti uğrunda mübarizənin öncüllərindən olan İsmayıl Haniyə, işğalçı və soyqırımı törədən qüvvələrin əli ilə şəhid edildi.
Xarici İşlər Nazirliyi bəyanatda əlavə edib:
İran İslam Respublikası zülmə, işğala və müstəmləkəçiliyə qarşı qlobal müqavimət cəbhəsi ilə həmrəy olaraq, həmçinin səbirli və məğrur Fələstin xalqı ilə birgə şəhid İsmayıl Haniyənin əziz xatirəsini ehtiramla yad edir və Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququ həyata keçənədək, işğal olunmuş Fələstinin azad edilərək paytaxtı Şərif Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasına qədər uşaq qətliamı törədən sionist rejimin zülmünə və işğalçılıq siyasətinə qarşı haqq mübarizəsinin davam etdirilməsinin vacibliyini bir daha vurğulayır.
Bəyanatda qeyd olunub:
Şübhəsiz ki, şəhid İsmayıl Haniyənin və digər müqavimət şəhidlərinin xatirəsinin yaşadılması, onların Şərif Qüds amalının qorunması naminə müəyyən etdikləri ali məqsədlərə doğru hərəkatın davam etməsinin təminatıdır və müqavimət düşüncəsini, eləcə də işğalçılara qarşı mübarizə mədəniyyətini müsəlman xalqları və dünyanın azadlıqsevər insanları arasında daha da dərinləşdirir.
İran Xarici İşlər Nazirliyi bəyanatın sonunda bütün cihad və müqavimət şəhidlərinin, xüsusilə də şəhid İsmayıl Haniyənin uca məqamını ehtiramla yad edərək, beynəlxalq ictimaiyyətin və İslam ümmətinin Qəzza zolağı və İordan çayının qərb sahilində yaşayan məzlum Fələstin xalqının ağrı-acılarının azaldılması üçün təcili və təsirli addımlar atmasının zəruriliyini vurğulayıb. Bəyanatda, həmçinin bütün dövlətlərin sionist rejimin cəzasız qalmasının qarşısını almaq, soyqırımı cinayətlərini törədənlərin mühakimə və cəzalandırılmasını təmin etmək istiqamətində hüquqi və mənəvi məsuliyyət daşıdığı xüsusi qeyd olunub.
Sizin rəyiniz