Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının bu gün (cümə axşamı) “Trend” xəbər agentliyində yayımlanan bəyanatında bildirilib ki, İlham Əliyev ötən gün (çərşənbə günü) Bakıda Məhəmməd Mustafa ilə görüşərək fikir mübadiləsi aparıb.
Bəyanatda qeyd olunub: Əliyev görüş zamanı Fələstin Muxtariyyətinin Baş nazirinin Azərbaycan Respublikasına səfərinin iki tərəf arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.
O, həmçinin ölkəsinin paytaxtı Qüds olan müstəqil və suveren Fələstin dövlətinin yaradılmasına dəstəyini bir daha təsdiqləyib.
Məhəmməd Mustafa isə görüşdə Fələstinin hazırkı çətin vəziyyətinə toxunaraq, dost ölkələrin dəstəyi ilə bu ölkənin qarşılaşdığı problemlərin öhdəsindən gələ biləcəyinə ümid etdiyini bildirib.
O, həmçinin Azərbaycan Respublikasının Fələstinə göstərdiyi davamlı dəstəyə, o cümlədən humanitar yardımlar çərçivəsində Bakının Fələstində orta məktəb tikmək qərarına görə təşəkkür edib.
Görüş zamanı Azərbaycan Respublikasının Ramallahda nümayəndəlik ofisinin açılması, eləcə də Fələstin səfirliyinin Bakıda cari xərclərinin ödənilməsi iki tərəf arasındakı münasibətlərin yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirilib.
Tərəflər həmçinin 2013-cü ildə İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması konfransı və müqəddəs Qüds şəhərinin inkişaf proqramının maliyyələşdirilməsi üzrə keçirilmiş toplantıdan sonra Azərbaycan Respublikasının Fələstinə göstərdiyi 5 milyon dollarlıq maliyyə yardımına toxunublar.
Həmçinin vurğulanıb ki, Bakı Fələstinli qaçqınlar üçün BMT-nin Yardım və İşlər üzrə Agentliyi (UNRWA) vasitəsilə Fələstinə humanitar yardımlarını davam etdirir.
Sizin rəyiniz