Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Xəbərə görə, İsrail Nazirlər Kabinetinin ötən ay qəbul etdiyi və 1915-ci il hadisələrinin "soyqırımı" kimi tanınmasını nəzərdə tutan qərar, Azərbaycanın etirazı səbəbindən Knessetin səsverməsinə təqdim edilməyib.
Məlumatda bildirilir ki, İsrail rəsmiləri Azərbaycan tərəfinə bu məsələnin Knessetin gündəliyindən çıxarıldığını çatdırıblar. Nəticədə təşəbbüs parlamentin cari sessiyasının son iclaslarında səsverməyə çıxarılmayıb.
Haaretz-ə danışan israilli mənbənin sözlərinə görə, Baş nazir Benyamin Netanyahu bu səsverməni təşəbbüsün müəllifi olan xarici işlər naziri Gideon Saarın xəbəri olmadan dayandırıb.
Mənbə ehtimal edir ki, bu addım Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin İsrail Baş nazirinin ofisi ilə telefon danışığından sonra atılıb.
Gideon Saar isə Haaretz-ə açıqlamasında Netanyahunun səsvermənin ləğvində rol oynadığını təkzib edib, lakin təşəbbüsün niyə Knessetin gündəliyinə çıxarılmadığı ilə bağlı başqa izahat verməyib.
İsrailin xarici işlər naziri bildirib:
"Nazirlər Kabinetinin qərarı yekdilliklə qəbul olunub. Bu qərar dəyişməyəcək və tarixi əhəmiyyət daşıyır."
Haaretz həmçinin yazır ki, Azərbaycanın Haqqin.az xəbər portalı təxminən 10 gün əvvəl yaydığı məqalədə İsrailin "Azərbaycanın istəyinə qulaq asdığını" qeyd edib.
Nəşrin məlumatına görə, məlumatlı mənbələrə istinadən Azərbaycanın mövqeyi İsrail rəhbərliyinə çatdırılıb və nəticədə bu təşəbbüs dayandırılaraq faktiki olaraq arxivə göndərilib.
Məlumata əsasən, gələcəkdə də həmin təşəbbüsün yenidən gündəmə gətirilməsinin qarşısını almaq üçün müəyyən addımlar atılıb.
Qeyd edək ki, bu hadisə İsrail Nazirlər Kabinetinin iyunun sonlarında Türkiyə ilə münasibətlərdə yaşanan gərginlik fonunda 1915-ci il hadisələrinin "soyqırımı" kimi tanınmasını nəzərdə tutan təklifi təsdiqləməsindən sonra baş verib. Söhbət Birinci Dünya müharibəsi illərində (1915–1917) Osmanlı imperiyasının nəzarətində olan ərazilərdə ermənilərin kütləvi qırğınları ilə bağlı tarixi hadisələrdən gedir. Bu hadisələrin "soyqırımı" kimi qiymətləndirilməsi beynəlxalq müstəvidə hələ də mübahisəli mövzu olaraq qalır.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran isə X sosial şəbəkəsində paylaşdığı bəyanatda İsrailin qərarını "ikiüzlülük" adlandıraraq bildirib:
"On minlərlə günahsız mülki şəxsi, o cümlədən körpələri, qadınları və yaşlıları öldürən bir dövlət tarixi hadisələrdən siyasi silah kimi istifadə edir."
Sizin rəyiniz