13 iyul 2026 - 19:34
Source: IRNA
Lindsi Qrahamın ölümü sionist rejim üçün ağır şok oldu; Netanyahu ABŞ-a səfər ərəfəsindədir

ABŞ-nin siyasi hakimiyyət strukturunda sionist rejimin ən qatı tərəfdarlarından biri olan, respublikaçıların nüfuzlu senatoru Lindsi Qrahamın qəfil ölümü Tel-Əvivin siyasi dairələrində geniş əks-səda doğurub.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist rejim mediası Lindsi Qrahamın qəfil ölümünü bu rejimin rəhbərləri və siyasi elitası üçün ciddi şok kimi qiymətləndirib və hesab edir ki, bu hadisə gələcəkdə Vaşinqton–Tel-Əviv münasibətlərindəki siyasi hesablamalara təsir göstərə bilər.

Bu çərçivədə sionist rejimin 12-ci telekanalına danışan siyasi mənbələr bildiriblər ki, həmin rejimin baş naziri Benyamin Netanyahu İsrail tərəfdarı olan bu senatorun dəfn mərasimində iştirak etmək üçün ABŞ-yə səfər etməyi nəzərdən keçirir.

Həmin mənbələrin sözlərinə görə, səfər baş tutacağı təqdirdə, Netanyahunun Donald Trampla görüşü də proqramda olacaq. Bu isə Qrahamın sionist rejimin rəhbərləri ilə ABŞ-dəki siyasi dairələr arasındakı şəxsi və siyasi əlaqələrdə oynadığı rolun əhəmiyyətini göstərir.

ABŞ mediası Qrahamı Respublikaçılar Partiyasının nüfuzlu simalarından biri kimi təqdim edib. Lakin İsrail mediasının reaksiyaları əsasən onun sionist rejimə göstərdiyi xüsusi dəstəyə və onun müharibə tərəfdarı siyasətinə yönəlib.         

Həmçinin sionist rejimin 14-cü televiziya kanalı xəbər verib ki, Qrahamın ölüm xəbəri İsrailin siyasi dairələrini heyrətə salıb. Bu kanal vurğulayıb ki, o, sadəcə olaraq “İsrailin dostu” deyildi, əksinə, ABŞ-nin İsrailə münasibətdə siyasətinin formalaşdırılmasında təsirli rol oynayan siyasətçilərdən biri hesab olunurdu.

Bu medianın yazdığına görə, Qraham “Teylor Fors” qanununun əsas tərtibatçılarından biri olub və ABŞ-nin Fələstin Muxtariyyətinə maliyyə yardımlarının dayandırılmasında əsas rol oynayıb.

Qrahamın İrana qarşı sərt və ifrat mövqeləri

O, həmçinin ABŞ-nin İsrailə hərbi yardımının davam etdirilməsinin, “Dəmir Günbəz” də daxil olmaqla müdafiə sistemlərinin inkişaf etdirilməsinin və Vaşinqtonla Tel-Əviv arasında təhlükəsizlik əməkdaşlığının gücləndirilməsinin əsas tərəfdarlarından biri hesab olunurdu.

i24 News kanalı da Qrahamı “İsrailin həqiqi dostu” kimi təsvir edib və onun son mövqelərinə toxunaraq yazıb: Bu senator dəfələrlə vurğulayıb ki, öləcəyim günə qədər İsrailin yanında olacağam. Bu media əlavə edib ki, hətta bəzi respublikaçılar ABŞ-nin İsrailə yardımının azaldılmasını istədikləri bir vaxtda belə, Qraham belə bir addımı “böyük səhv” hesab edirdi.

Qraham İrana münasibətdə də ABŞ-nin ən sərt siyasətçilərindən biri hesab olunurdu və daim sionist rejimin Tehrana qarşı mövqelərini dəstəkləyirdi. O, dəfələrlə maksimum təzyiqin tətbiq edilməsini, İranın siyasi sisteminin dəyişdirilməsini və diplomatik yolların uğursuz olması halında hərbi variantdan istifadə edilməsini tələb etmişdi. İsrail mediası hesab edir ki, Qraham son aylarda Trampı Tehrana qarşı daha sərt mövqelər qəbul etməyə təşviq edən ən mühüm şəxslərdən biri olub.

Maariv qəzeti də yaydığı hesabatda Qrahamı ABŞ və İsrailin ortaq təhlükəsizlik siyasətinin ən nüfuzlu memarlarından biri kimi təsvir edib və yazıb ki, o, ötən onilliklər ərzində İrana qarşı hərbi əməliyyatların həyata keçirilməsinin və iki tərəf arasında müdafiə əməkdaşlığının inkişaf etdirilməsinin ən mühüm tərəfdarlarından biri olub.

Qəzza müharibəsində sionist rejimə dəstək

Qraham Qəzza müharibəsi zamanı da İsrail rejiminin əsas tərəfdarları sırasında yer alırdı. O, Qəzzada HƏMAS-ın qalmasına gətirib çıxaracaq istənilən razılaşmaya qarşı çıxırdı və ABŞ Senatında HƏMAS-ın Qəzzanın siyasi və hərbi strukturundan tamamilə çıxarılmasını vurğulayan qətnamənin təşəbbüskarlarından biri idi.

Həmçinin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Benyamin Netanyahunun həbsinə dair qərar çıxarıldıqdan sonra, Qraham bu məhkəməni “təhlükəli təhdid” adlandırıb və ona qarşı sanksiyaların tətbiq edilməsini tələb edib.

Bu geniş dəstəklərə baxmayaraq, Qraham bəzi məsələlərdə İsrailin sağçı hökumətləri ilə fikir ayrılığına malik idi. O, İordan çayının qərb sahilinin ilhaqı planı ilə bağlı xəbərdarlıq edib və bunun nəticələrini İsrailin gələcəyi üçün çox təhlükəli kimi qiymətləndirmişdi.

Netanyahunun ehtimal olunan səfəri və Vaşinqton–Tel-Əviv münasibətlərində yaranan boşluq

Benyamin Netanyahunun ABŞ-yə səfər etmək və Lindsi Qrahamın dəfn mərasimində iştirak etmək barədə yekun qərar verməsini yalnız İsrailin köhnə tərəfdarlarından birinin dəfn mərasimində iştirakla məhdudlaşan mərasim xarakterli səfər kimi qiymətləndirmək olmaz. Qraham son illərdə həm Trampa birbaşa çıxışı olan, həm də İsrail hökumətinin tam etimadını qazanmış azsaylı siyasətçilərdən biri olub. O, İran və Qəzza məsələlərindən tutmuş ərəb ölkələri ilə münasibətlərin normallaşdırılmasına qədər bir sıra həssas mövzularda vasitəçi və əlaqələndirici rol oynayıb.

Bu baxımdan, Qrahamın ölümü Netanyahunun hökuməti ilə Trampa yaxın çevrə arasında mövcud olan qeyri-rəsmi əlaqə kanallarında mühüm boşluq yarada bilər. Belə bir vəziyyətdə ehtimal olunur ki, Netanyahu ABŞ-yə səfərindən Tramp və digər nüfuzlu respublikaçı şəxslərlə müzakirələr aparmaq, yaranmış siyasi boşluğun necə aradan qaldırılması və regionda gələcək hadisələrlə bağlı mövqelərin əlaqələndirilməsi məsələlərini müzakirə etmək üçün istifadə edəcək.

Sizin rəyiniz

You are replying to: .
captcha