Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının Baş katibi İslam İnqilabının şəhid rəhbərinin şəhadəti və dəfn mərasimi münasibətilə yaydığı bəyanatda bu itkini İslam, İran xalqı və İslam ümməti üçün əvəzolunmaz bir müsibət kimi qiymətləndirib.
O, iki ölkənin beş şəhərində on milyonlarla insanın tarixi vida mərasimini "ümmətin yenidən dirçəlişi"nin və müsəlmanların, eləcə də azadlıqsevərlərin təkəbbürə və sionist rejimə qarşı mübarizəni onun layiqli canişininin rəhbərliyi altında davam etdirmək iradəsinin göstəricisi adlandırıb.
Mətnin tam tərcüməsi:
Rəhmli və Mərhəmətli Allahın adı ilə
"Allaha və Onun elçilərinə iman gətirənlər – məhz onlar Rəbbinin yanında siddiqlər və şəhidlərdir. Onlar üçün mükafat və nur vardır. Kafir olub ayələrimizi yalan sayanlar isə Cəhənnəm əhlidirlər."
(Hədid surəsi, 19-cu ayə)
Allahın saleh bəndəsi, Allah Rəsulunun, Əli, Fatimə və Hüseynin (hamısına Allahın salavatı olsun) övladı, ilahi alim və fəqih, Əhli-Beyt (ə) ardıcıllarının mərcəyi-təqlidi, islahatçı mütəfəkkir, İslam ümmətinin rəhbəri, dünya azadələrinin lideri, vilayəti-fəqih və ədalətli hakim, yorulmaz mücahid, düşməni yaxşı tanıyan, məzlumların, bölgə xalqlarının, müqavimət cəbhəsinin və Fələstin xalqının müdafiəçisi, Həzrət Məhdiyə (əc) intizar bayrağının daşıyıcısı, şəhid imam Ayətullahül-üzma Seyid Əli Hüseyni Xameneinin şəhadəti İslam, İran xalqı, İslam ümməti və bütün dünya üçün ağır və əvəzolunmaz bir itki oldu.
İran və İraq xalqlarının, eləcə də İslam ümmətinin tarixi vida mərasimi – Tehranın Böyük Musallasından başlayaraq, müqəddəs Qum şəhərinə, Həzrət Məsumənin (s.ə) hərəminə və müqəddəs Cəmkəran məscidinə, daha sonra onun ulu babalarının – Həzrət Əlinin (ə), İmam Hüseynin (ə) və Həzrət Əbbasın (ə) müqəddəs məzarlarının yerləşdiyi Nəcəf və Kərbəla şəhərlərinə, oradan isə sonda Məşhədi-Müqəddəsə qədər davam etdi. O, ömrünü elmi, siyasi və meydan mübarizəsinə, İslam dünyasının oyanışına, peyğəmbəranə təlim-tərbiyəyə, İslam cəmiyyətinin düşüncəsinin dərinləşdirilməsinə, yeni İslam sivilizasiyasının qurulmasına, müasir cahiliyyətin və yeni müstəmləkəçiliyin ifşasına, zülm, istibdad və təkəbbürə qarşı mübarizəyə, ən əsası isə ümmətin rəhbərliyinə həsr etdikdən sonra başıuca şəkildə Rəbbinə qovuşdu. Beləliklə, onun adı babası Möminlərin Əmiri Həzrət Əlidən (ə) sonra tarixdə şəhid olmuş yeganə alim, mərcə, hakim və rəhbər kimi əbədi qalacaq.
Dünya müsəlmanlarının böyük rəhbərinin şəhadəti İran xalqının və İslam ümmətinin dirçəlişinin başlanğıcı oldu. Dörd aydan artıq davam edən mərasimlərdə və şəhid rəhbərlə vida, onun pak cənazəsinin iki ölkənin beş şəhərində keçirilən möhtəşəm dəfn mərasimində on milyonlarla azad insanın iştirakı – əgər şərait imkan versəydi, şübhəsiz ki, bütün İslam ümməti də bu tarixi hadisədə iştirak etmək istəyərdi – ümmətin yenidən dirçəlişinin, müsəlmanların və azad insanların təkəbbürə, dünya hegemonu ABŞ-a və qeyri-qanuni sionist rejimə qarşı mübarizəni davam etdirmək əzminin göstəricisidir. Bu yol onun layiqli canişini Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin (Allah onu qorusun) rəhbərliyi altında qələbəyə, yeni İslam sivilizasiyasının bərqərar olmasına, İmam Zamanın (əc) zühurunun intizarına və İslamı və onun əhlini izzətə çatdıracaq ədalət dövlətinin qurulmasına qədər davam edəcək.
Mən öz adımdan, Ümumdünya Əhli-Beyt (ə) Məclisi adından, bütün şiələr, müsəlmanlar və dünya ədalətsevərləri adından, həmçinin ümmətin bütün xeyirxah rəhbərləri və ziyalıları ilə həmfikir olaraq, İran xalqının, İslam ümmətinin, dövlət və rəsmi nümayəndələrin, müxtəlif din və məzhəb rəhbərlərinin, dünya alim və ziyalılarının, müqavimət mübarizlərinin və şəhid rəhbərin yolunun bütün aşiqələrinin misilsiz iştirakına və bu tarixi hadisədə iştirak etmək üçün çəkdikləri zəhmətə görə dərin təşəkkürümü bildirirəm.
Ümid edirəm ki, İslam vətəni İranda, həmçinin bölgə və dünyanın ağır şəraiti fonunda baş vermiş mümkün çatışmazlıqları genişürəklilik və anlayışla qarşılayacaqlar.
Uca Allahdan diləyirəm ki, hamımıza İlahi əhdə sadiq qalmaq, həmin şəhid rəhbərin yolunu davam etdirmək və Allahın kəlməsini uca tutmaq yolunda müvəffəqiyyət nəsib etsin.
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.
Rza Ramazani
Ümumdünya Əhli-Beyt (əleyhimus-səlam) Assambleyasının Baş Katibi
Sizin rəyiniz