Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Naziri Seyid Abbas Əraqçi bu günkü (çərşənbə, 28 yanvar) hökumət iclasından sonra jurnalistlərə açıqlamasında, İran və ABŞ arasındakı danışıqların son vəziyyəti barədə verilən suala cavab olaraq deyib: "Son günlərdə mənimlə Stiv Vitkof (ABŞ Prezidentinin xüsusi nümayəndəsi) arasında heç bir təmas olmayıb və tərəfimizdən danışıqlar üçün heç bir müraciət təqdim edilməyib."
Xarici İşlər Naziri müxtəlif vasitəçilərin və ölkələrin İranla təmasda olduğuna işarə edərək əlavə edib: "Biz xoş niyyətlə rol oynamağa çalışan bu vasitəçilərlə təmasdayıq. Lakin hələlik heç bir qərar qəbul edilməyib və bizim tərəfimizdən bir müraciət yoxdur."
Diplomatiya idarəsinin rəhbəri, danışıqlar mövzusu ilə eyni vaxtda ABŞ-ın İran ətrafında hərbi güc cəmləşdirməsi barədə verilən suala belə cavab verib: "Bizim mövqeyimiz budur ki, hərbi təhdid yolu ilə diplomatiya yürütmək nəticəli və faydalı ola bilməz. Əgər danışıqların baş tutmasını istəyirlərsə, mütləq təhdidi, ifrat tələbləri və məntiqsiz mövzuların irəli sürülməsini kənara qoymalıdırlar."
Əraqçi danışıqların öz qayda-qanunu olduğunu xatırladaraq qeyd edib: "Danışıqlar bərabər mövqedən, qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında aparılmalıdır. Bir tərəfin güc tətbiq edərək öz məqsədlərinə çatmaq istəməsi qəbulolunmazdır və bunun adı diplomatiya deyil."
Əraqçi sözlərinə davam edərək deyib: "Mənim fikrimcə, bütün regionda belə bir yanaşma var ki, hərbi təhdid, xüsusən də Amerikanın bölgədəki mövcudluğunu nəzərə alsaq, bütün regionda qeyri-sabitliyə səbəb olacaq."
Bu ortaq anlayışın regionda mövcud olduğunu vurğulayan nazir əlavə edib: "Region hərbi təhdidə tamamilə qarşıdır və hamı hesab edir ki, qeyri-sabitlik bölgə üçün böyük çətinliklərə yol açacaq. Buna görə də region ölkələri bu məsələnin əleyhinədirlər."
Sizin rəyiniz