29 iyul 2026 - 11:30
ABŞ və Səudiyyə koalisiyası Həşd əş-Şəbinin Bəsrə, Neynəva və Kərkükdəki qərargahların hədəfə aldı / 5 sivil şəhid oldu

İraq medialarının yaydığı məlumata görə, Neynəva, Kərkük və Bəsrədə yerləşən Həşd əş-Şəbi qüvvələrinə məxsus bir neçə qərargah ABŞ və Səudiyyə vəhhabi rejim koalisiyası tərəfindən hava hücumlarına məruz qalıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraqın müxtəlif bölgələrində partlayış səsləri eşidilib, yerli xəbər mənbələri Həşd əş-Şəbinin Neynəva, Kərkük və Bəsrədəki mövqelərinə hava zərbələrinin endirildiyini açıqlayıb.

Məlumata görə, ABŞ və Səudiyyə vəhhabi rejim koalisiyası tərəfindən Babil vilayətinin şimalında, Neynəva düzündə, Kərbəla vilayətinin şimalında və Kərkük vilayətinin əz-Zab bölgəsində havadan endirilən hücumlar nəticəsində güclü partlayış səsləri eşidilib.

Əl-Məyadin telekanalının müxbiri bildirib ki, Şimali İraqdakı Ninəva düzündə Həşd əş-Şəbiyə məxsus düşərgələrdən biri hava hücumuna məruz qalıb.

Bu arada Əl-Əhd telekanalı xəbər verib ki, Həşd əş-Şəbinin Bəsrə Əməliyyat Komandanlığı qüvvələrin komandanlıq qərargahının gecə saat 02:00 radələrində hava hücumuna məruz qaldığını açıqlayıb.

Komandanlıq ilkin məlumata əsasən, hücum nəticəsində iki nəfərin yaralandığını bildirib.

Bununla yanaşı, Kərbəla vilayətinə hücum edildiyi və Kərkük vilayətində yerləşən Həşd əş-Şəbinin 40-cı briqadasının qərargahının vurulduğu barədə də məlumatlar yayılıb.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ilə koordinasiya şəraitində İraqdakı Şiə, Sünni və Xristianlardan ibarət Könüllü silahlı qruplarla (əl-Həşdu Şəbi) əlaqəli hədəflərə qarşı məqsədli əməliyyatlar həyata keçirdiyini açıqlayıb.

Eyni zamanda, İraq təhlükəsizlik mənbəsi Əl-Cəzirə telekanalına bildirib ki, ölkənin cənubundakı Vasit vilayətində yerləşən "Əl-Fəth əl-Mubin" düşərgəsi də hücuma məruz qalıb.

Əl-Cəzirə həmçinin Bəsrə vilayətində Həşd əş-Şəbiyə məxsus qərargahlardan birində naməlum mənşəli partlayış baş verdiyini xəbər verib.

Əl-Məyadin telekanalı Vasit vilayətinin əd-Deyr bölgəsində və Bəsrədə yerləşən bir neçə hərbi obyektin də hədəfə alındığını bildirib.

Əl-Əhd İraq telekanalı isə Vasit vilayətinin əs-Suveyra bölgəsində bir neçə partlayışın baş verdiyini xəbər verib.

Bəzi qeyri-rəsmi mənbələr Səudiyyə Ərəbistanının Ninəva vilayətində həyata keçirdiyi iddia olunan hücum yerinə təcili yardım maşınlarının göndərildiyini bildiriblər.

Digər qeyri-rəsmi məlumatlarda Həşd əş-Şəbinin 52-ci briqadasının ikinci alayının bombardman edildiyi qeyd olunur.

Bəzi media orqanları həmçinin ABŞ və Səudiyyə Ərəbistanının Kərkük vilayətinin Dəbis bölgəsində "İmam Əli" batalyonlarına məxsus infrastruktura üç ağır hava zərbəsi endirdiyini iddia ediblər.

Məlumatlarda Bağdadın cənubunun da hücuma məruz qaldığı qeyd olunur. Bəzi xəbərlərdə isə Səlahəddin vilayətinin Amirli şəhərində və Kərkük vilayətinin əd-Dəbs şəhərində yerləşən İraq müqavimət qruplarının bazalarının hədəfə alındığı bildirilir.

Digər xəbərlərə görə, Diyala vilayətində də hava hücumu həyata keçirilib və həmin vilayətdə yerləşən Bədr Təşkilatının qərargahı vurulub.

Bəzi qeyri-rəsmi media orqanları ilkin məlumata əsasən, Ninəva bölgəsində beş Həşd əş-Şəbi üzvünün həlak olduğunu bildiriblər.

Sizin rəyiniz

You are replying to: .
captcha