Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasim bəyanat yayıb.
O, yaydığı bəyanatda əhalisinin 90%-dən çoxunun Şiə olan bu ölkədə şiələrin siyasi və vətəndaş hüquqlarının vəziyyəti ilə bağlı xəbərdarlıq edib.
Ayətullah Şeyx İsa Qasim vurğulayıb ki, Bəhreyndə Şiə məzhəbi və onun bütün dini və təbliğati əsasları mövcudluq təhlükəsi və ciddi təhdidlə üzləşib.
Ayətullah Şeyx İsa Qasimin bəyanatının mətni belədir:
Bismillahir-Rəhmanir-Rəhim
Bəhreyndə şiə vətəndaşların siyasi hüquqları və onların ümumi vətəndaş hüquqları ciddi şəkildə aşınmaya məruz qalıb. Demək olar ki, bu hüquqlardan çox az şey qalıb və bu haqların inkar edilməsi dairəsi açıq şəkildə genişlənib. Bu hüquqların geri qaytarılması məsələsində heç bir güzəştə yer yoxdur və onların tələb olunmasında ciddiyyət davam etdirilməlidir. Elə bir gün gəlməlidir ki, bu hüquqlar dini və hüquqi baxımdan öz sahiblərinə qaytarılsın.
Lakin Bəhreyndə şiə məzhəbinin taleyi, alimlərin, xətiblərin, yazıçıların, müəllimlərin, təbliğatçıların və insanların dini və fiqhi suallarına cavab verən bütün şəxslərin vəziyyəti mövcudluq təhlükəsi və ciddi təhdid altındadır. Bu vəziyyət həbsdə olanlara, ədalətsiz hökmlərin qurbanlarına və digər şəxslərə də şamil olunur.
Məgər bütün İslam torpaqlarında, müsəlman xalqları və ya müsəlman dövlətləri arasında zülmü inkar edən, yaxşılığa dəvət edən və Allah naminə qəzəblənən bir kəs varmı?!
Ey məzlumların yardımçısı! Bizə yardım et. Sən bəndələrindən zalımları və məzlumları hamıdan daha yaxşı tanıyansan.
Son aylarda Bəhreyndə şiələrə qarşı təzyiq prosesi təhlükəsizlik həbslərinin artırılması və dini məhdudiyyətlərin gücləndirilməsi ilə müşayiət olunub. Ötən may ayında Bəhreyn təhlükəsizlik qüvvələri şiələrin yaşadığı bölgələrə basqın edərək bir sıra din xadimlərini və dini fəalları məhkəmə qərarı təqdim etmədən həbs edib və naməlum yerlərə aparıblar.
Həmçinin Məhərrəm ayı ərəfəsində bu ölkənin şiələrinə qarşı dini məhdudiyyətlərin gücləndirilməsi ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlara əsasən, şiə din xadimləri, xətiblər və məddahlar çağırılaraq sorğu-sual edilib və onlardan dini mərasimlər zamanı bəzi mövzuları gündəmə gətirməmək barədə öhdəlik alınıb.
Bundan əlavə, matəm mərasimlərinin keçirilməsi, çıxışların müddəti və Bəhreyn vətəndaşlarının İran və İraqa səfərləri ilə bağlı məhdudiyyətlər tətbiq edilib.
Bəhreynin siyasi qrupları və insan hüquqları fəalları bu tədbirləri pisləyərək, həbs olunanların dərhal azad edilməsini, özbaşına həbslərə son qoyulmasını və bu ölkənin şiə icmasına qarşı həyata keçirilən təhlükəsizlik siyasətinin və tətbiq olunan məhdudiyyətlərin dayandırılmasını tələb ediblər.
Sizin rəyiniz