Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibliyi yaydığı bəyanatda müharibə məqsədlərinin demək olar hamısının həyata keçirildiyini vurğulayıb.
Bəyanatda ABŞ ilə qarşıdakı danışıqlara da toxunularaq qeyd edilib: Detalları yekunlaşdırmaq üçün danışıqlar İslamabadda keçiriləcək və maksimum 15 gün ərzində detalların tamamlanması ilə İranın meydandakı qələbəsi siyasi danışıqlarda da təsbit olunacaq.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibliyinin 8 aprel 2026-cı il çərşənbə günü səhər tezdən yaydığı bəyanatda deyilir:
“İranın şərəfli xalqı bilməlidir ki, övladlarının mücahidliyi və onların tarixi iştirakı sayəsində düşmən artıq bir aydan çoxdur ki, İranın və müqavimətin güclü atəşinin dayandırılması üçün yalvarır. Lakin ölkə rəsmiləri hələ əvvəlcədən müharibənin məqsədlər həyata keçirilənədək – o cümlədən düşmənin peşman və aciz vəziyyətə salınması və ölkəyə qarşı uzunmüddətli təhdidin aradan qaldırılması üçün – davam etdirilməsi qərarı verildiyinə görə, bütün bu müraciətlərə mənfi cavab veriblər və müharibə bu günə qədər, yəni qırxıncı günə qədər davam edib. Həmçinin İran indiyədək ABŞ prezidentinin təqdim etdiyi bir neçə ultimatumu rədd edib və düşmən tərəfindən verilən heç bir ultimatumun əhəmiyyət daşımadığını vurğulayır.
İndi böyük İran xalqına müjdə veririk ki, müharibənin demək olar ki, bütün məqsədləri həyata keçirilib və sizin igid övladlarınız düşməni tarixi acizlik və daimi məğlubiyyətə sürükləyiblər.
İranın bütün xalqının vahid dəstəyi ilə qəbul edilmiş tarixi qərarı budur ki, bu mübarizə lazım olduğu qədər davam etdirilsin ki, onun böyük nailiyyətləri möhkəmlənsin və regionda İranın və müqavimətin güc və hakimiyyətinin qəbuluna əsaslanan yeni təhlükəsizlik və siyasi tənzimləmələr formalaşsın.
Bu çərçivədə və İslam İnqilabının ali rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin göstərişləri və Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi ilə, həmçinin döyüş meydanında İran və müqavimətin üstün mövqeyi, düşmənin bütün iddialarına baxmayaraq təhdidlərini həyata keçirməkdə aciz qalması və İran xalqının haqlı tələblərinin rəsmi şəkildə qəbul edilməsi nəzərə alınaraq qərara alınıb ki, detalları yekunlaşdırmaq üçün danışıqlar İslamabadda keçirilsin və maksimum 15 gün ərzində bu detalların tamamlanması ilə İranın meydandakı qələbəsi siyasi danışıqlarda da təsbit edilsin.
Bu çərçivədə İran düşmən tərəfindən təqdim olunan bütün planları rədd edərək, 10 maddəlik bir plan hazırlayıb və Pakistan vasitəsilə Amerika tərəfinə təqdim edib.
Bu planda aşağıdakı əsas məsələlər vurğulanıb:
1 Hörmüz boğazından İran Silahlı Qüvvələri ilə koordinasiya əsasında nəzarətli keçid (bu, İrana xüsusi iqtisadi və geosiyasi mövqe verir),
2 müqavimət oxunun bütün hissələrinə qarşı müharibənin dayandırılması (bu da uşaq qətli törədən İsrail rejiminin təcavüzünün tarixi məğlubiyyəti demək olacaq),
3 ABŞ döyüş qüvvələrinin regiondakı bütün bazalar və yerləşmə nöqtələrindən çıxarılması,
4 Hörmüz boğazında təhlükəsiz hərəkət üçün İranın razılaşdırılmış protokol çərçivəsində üstünlüyünü təmin edən keçid sisteminin yaradılması,
5 İranın zərərinin tam ödənilməsi, bütün ilkin və ikinci dərəcəli sanksiyaların və həmçinin İdarə Heyəti və Təhlükəsizlik Şurasının qətnamələrinin ləğvi,
6 İranın xaricdə bloklanmış bütün vəsait və aktivlərinin azad edilməsi və nəhayət, bütün bu məsələlərin Təhlükəsizlik Şurasının məcburi qətnaməsi ilə təsdiqlənməsi.
Qeyd olunur ki, bu qətnamənin qəbul edilməsi bütün razılaşmaları beynəlxalq hüquqi baxımdan məcburi edəcək və İran xalqı üçün mühüm diplomatik qələbə yaradacaq.
Hazırda Pakistanın baş naziri İrana məlumat verib ki, Amerika tərəfi zahiri təhdidlərinə baxmayaraq bu prinsipləri danışıqların əsası kimi qəbul edib və İran xalqının iradəsinə tabe olub. Bu əsasda ən yüksək səviyyədə qərara alınıb ki, İran yalnız bu prinsiplər əsasında 2 həftə müddətində Amerika tərəfi ilə İslamabadda danışıqlar aparsın.
Vurğulanır ki, bu, müharibənin başa çatması demək deyil və İran yalnız 10 maddəlik planda nəzərdə tutulan prinsiplərin qəbulundan sonra, onların detalları danışıqlarda yekunlaşdırıldıqdan sonra müharibənin başa çatmasını qəbul edəcək.
Bu danışıqlar Amerika tərəfinə tam etimadsızlıq şəraitində cümə günü 11 aprel tarixindən etibarən İslamabadda başlanacaq və İran bu danışıqlar üçün 2 həftə vaxt ayıracaq. Bu müddət tərəflərin razılığı ilə uzadıla bilər. Bu müddətdə tam milli birlik qorunmalı və qələbə tədbirləri güclü davam etdirilməlidir. Mövcud danışıqlar milli xarakter daşıyır və meydandakı mübarizənin davamıdır.
Bütün xalqın, elitanın və siyasi qrupların bu prosesə – İnqilab Rəhbərinin və sistemin ən yüksək səviyyələrinin nəzarəti altında aparılan prosesə – etibar etməsi, onu dəstəkləməsi və hər hansı parçalanma yaradan açıqlamalardan ciddi şəkildə çəkinməsi zəruridir.
Əgər döyüş meydanında düşmənin təslim olması danışıqlarda qəti siyasi nailiyyətə çevrilərsə, biz bu böyük tarixi qələbəni birlikdə qeyd edəcəyik. Əks halda isə, millətimizin bütün tələbləri yerinə yetirilənədək meydanda çiyin-çiyinə döyüşəcəyik.
Əllərimiz tətik üzərindədir və düşməndən ən kiçik bir səhv baş verən kimi ona bütün gücümüzlə cavab veriləcək.
Sizin rəyiniz