Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Naziri Seyyid Abbas Əraqçi çərşənbə günü Moskvada ikitərəfli danışıqların yekununda Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında vurğulayıb: “İran Qafqaz bölgəsində hər hansı xarici qüvvənin mövcudluğuna qəti şəkildə qarşıdır və bu mövqe regiondakı qonşulara və tərəfdaşlara çatdırılıb.”
Seyyid Abbas Əraqçi, mətbuat konfransında bu mövzu ilə bağlı suala cavabında bildirib: “Biz diplomatiya masasını tərk etmədik; əksinə, danışıqlar masasının ortasında İrana qarşı hərbi təcavüz etməklə diplomatiyaya xəyanət edən amerikalılar oldu.”
O qeyd edib: “Əgər amerikalılar öz yanaşmalarını düzəldər, bərabər mövqedən, qarşılıqlı hörmət və ikitərəfli maraqlar əsasında danışıqlara hazır olsalar, bu məsələni yenidən nəzərdən keçirəcəyik. Lakin hələlik onların buna hazır olduqlarına inanmış deyilik.”
Əraqçi vurğulayıb: “Son bir il ərzində əldə etdiyimiz təcrübəyə əsasən, onların danışıqlardan məqsədi mövqelərin zorla qəbul etdirilməsi və diktə olunmasıdır. Halbuki real danışıqlar yalnız amerikalıların yanaşmalarını dəyişdiyi və qarşılıqlı maraqlara nail olmaq üçün ədalətli danışıqlara hazır olduğu halda mümkündür.”
Xarici işlər naziri Rusiya həmkarı ilə Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə də danışıqlar aparıb-aparmadığı ilə bağlı suala cavabında deyib: “Bu mövzuda çox yaxşı məsləhətləşmələrimiz oldu. Mövqelərimiz tam aydındır. İran İslam Respublikası hesab edir ki, Qafqaz və Mərkəzi Asiya bölgələrində təhlükəsizlik və sabitlik region ölkələrinin özləri tərəfindən təmin edilməlidir.”
O əlavə edib: “Bu çərçivədə İran Qafqaz üçün “3+3” mexanizmini təklif edib və bu istiqamətdə prosesi ciddi şəkildə davam etdirir. Hazırda bu mexanizm çərçivəsində xarici işlər nazirlərinin növbəti toplantısının keçirilməsi üçün planlaşdırma işləri aparılır.”
Sizin rəyiniz