Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Hizbullahın mücahid üzvlərinin İnqilab Rəhbərinə Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə məktubunun tam mətni belədir:
Bismillahir-rəhmanir-rəhim
Həmd və səna möminlərə izzət bəxş edən, zalımları zəlil edən Allaha məxsusdur. O Allah ki, həyatımızı cihad və (İmam Zühurunun) zəminini hazırlamaq üçün çalışmaq, ölümümüzü isə Öz yolunda ən pis məxluqların əli ilə şəhid olmaq qərar verdi.
Salam və salavat Allahın Rəsulu Həzrət Məhəmmədə (s), onun pak və mübarək Əhli-beytinə olsun. Allah onların mübarək zühurunu tezləşdirsin və bizi o günə xeyir və salamatlıq içində çatdırsın.
Uca Allah buyurur:
"Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və özünüzdən olan ixtiyar sahiblərinə də itaət edin." (Nisa, 59)
Bundan sonra...
Hörmətli rəhbərimiz, İmam, Qaid və Vəliyi-fəqih, əziz və möhtərəm Ayətullah Seyid Müctəba Xamenei!
Salam olsun sizə, Allahın rəhməti və bərəkəti üzərinizə olsun.
Biz – Hizbullahın, Livandakı İslam Müqavimətinin övladları və qardaşları – bu məktubu Sizə göndəririk. Qəlblərimiz ümidlə doludur və Uca Allahdan diləyirik ki, Siz sağlam, əmin-amanlıq içində və Onun möhkəm himayəsi altında olasınız.
İlk növbədə, Vəliyimiz və şəhid rəhbərimizin atası olan böyük şəxsiyyətin şəhadəti münasibətilə Sizə başsağlığı və təbrikimizi çatdırırıq. O, onilliklər boyu cihad və rəhbərlikdən sonra, elm və əməli özündə birləşdirən, səxavət və bəxşiş qapılarını açan, arif fəqih, Quran alimi və ilahi rəhbər kimi fəaliyyət göstərərək, nəhayət, Əli ibn Əbu Talibin (ə) qatili İbn Mülcəmə bənzər bu dövrün cinayətkarlarının əli ilə şəhid oldu.
Həmçinin müqavimət cəbhəsində, xüsusilə də əziz İslam İranının övladları arasında şəhid olan, yaralanan və fədakarlıq göstərən bütün qardaş və bacılarınız münasibətilə Sizə başsağlığı verir, Uca Allahdan şəhidlərə rəhmət, yaralılara şəfa, ailələrinə isə səbir və aramlıq diləyirik.
Biz həmişə Məşhədi-Müqəddəsə səfər etmiş, İmam Rzanın (ə) hüzurunda vilayət çeşməsindən mənəvi bəhrə almışıq. Bir əlimizlə İmam Hüseynin (ə) bayrağını cihad və zühura hazırlıq yolunda ucaldır, düşmənlə ən ön cəbhədə vuruşur, "Ləbbeyk!" və "Heyhat minnəz-zillə!" şüarlarını həyata keçiririk. Digər əlimizlə isə İmam Rzanın (ə) diyarının övladları, İmam Xomeyni məktəbinin yetirmələri, İmam Xameneinin məktəbinin davamçıları, Sizin mübarək bayrağınızı ucaldan İslam İnqilabı Keşikçiləri Korpusu, Bəsic və İran İslam Respublikasının bütün azadə və şərəfli insanları ilə qardaşlıq əli sıxırıq.
Onlarda İmam Hüseynin (ə) eşq və fədakarlığını, Həzrət Abbasın (ə) bəsirət və qəhrəmanlığını, Salman Farsinin isə imanını və vilayətə sədaqətini görürük.
Bu gün Siz İslamın saf Məhəmmədi bayrağını daşıyırsınız. Bu, əvvəlcə İmam Xomeyninin, sonra isə şəhid rəhbərin daşıdığı, bir zamanlar Kərbəlada İmam Hüseynin (ə) ucaltdığı bayraqdır. O bayraq ki, İmam Hüseyn (ə) düşmənin böyük ordusu qarşısında tək dayanarkən belə buyurmuşdu:
"Allaha and olsun ki, sizə heç vaxt zillət əli uzatmayacağam..."
Ey rəhbərimiz!
Biz Kərbəla ruhlu savaş meydanının içindən, yer üzünün fironlarına qarşı mübarizə apardığımız bir zamanda bütün varlığımız və qətiyyətimizlə Sizə beyət əlimizi uzadırıq. Əminik ki, bu beyət əslində Həzrət Sahibəzzamana (ə.f.) beyətdir. Çünki Siz həqiqətən də onun qeyb dövründəki naibi və bizim üçün Allahın höccətisiniz.
Sizinlə əhd bağlayırıq ki, "izzət" yolunda irəliləyəcəyik, zühurun zəminini hazırlayacaq və səbir göstərəcəyik. Necə ki, şəhid rəhbərlə birlikdə idik, bundan sonra da Sizinlə birlikdə olacağıq və Allah yolunda heç bir qınayanın qınağından qorxmayacağıq.
Şəhidlərin, yaralıların, əsirlərin, itkin düşənlərin və onların səbirli ailələrinin əmanəti bizim boynumuzdadır. Qəlblərimizdə isə şəhid Xameneinin yolu yaşayır; elə bir yol ki, onun adı qüdrət və Uca Allaha tam təvəkküldür.
Sizin rəhbərliyiniz altında, Allahın izni ilə irəliləyəcəyik. Quran və Əhli-beytin (ə) hidayəti əsasında İslam bayrağını daşıyacağıq. Yolumuzun günəşi Həzrət Məhdi (ə.f.), öncüllərimiz isə bu yolda bizdən əvvəl şəhid olmuş qəhrəmanlardır.
Biz heç vaxt hidayət yolunda özümüzü tənha hiss etməyəcəyik. Çünki şəhidlərin, yaralıların, anaların, ataların, həyat yoldaşlarının və bütün müqavimət və cihad ümmətinin karvanı bizimlədir.
Baş katibimiz, mücahid Şeyx Nəim Qasımın rəhbərliyi altında irəliləyir və Allahın yer üzünün varisliyi və dininin Ali-Məhəmmədin Qaiminin (ə) rəhbərliyi ilə aşkar olacağı barədə vədinə böyük ümid bəsləyirik.
Həmin ilahi vəd gerçəkləşənə qədər bizdən yalnız itaət, qələbə əzmi və şəhadət sevgisi görəcəksiniz.
"Qələbə yalnız Qüdrətli və Hikmət sahibi olan Allah tərəfindəndir."
Son sözümüz isə budur:
Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur.
Sizin övladlarınız və qardaşlarınız
Hizbullah – Livan İslam Müqaviməti
Sizin rəyiniz