1 iyul 2026 - 11:53
Doktor İsam Əl-İmad: Şəhid rəhbərin dəfn mərasimi İslam aləmindən də böyük miqyaslı hadisəyə çevriləcək

Əl-İmad bu hadisənin beynəlxalq səviyyədə daha geniş əks-səda doğurması üçün müxtəlif ölkələrdə, xüsusilə qiyabi cənazə namazını caiz hesab edən sünni və zeydi məzhəbinin imamlarına dəfn mərasimi ilə eyni vaxtda qiyabi cənazə namazı qılmağı təklif edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ümüdünya Müsəlmanlarının Ali Lideri, İslam İnqilabının şəhid rəhbəri mərhum İmam Xameneinin tarixi dəfn mərasimi ərəfəsində ABNA Xəbər Agentliyinin təşkilatçılığı ilə "Ümmətin şəhid rəhbərinin strateji və sivilizasion irsi" mövzusunda xüsusi iclas keçirilib. Tədbirdə Yəmənin tanınmış mütəfəkkiri və hidayət tapmış araşdırmaçı doktor İsam əl-İmad, həmçinin Bəhreynli siyasi fəal doktor Rəşid ər-Raşid çıxış ediblər.

İclasda şəhid rəhbərin düşüncə irsinin sərhədləri aşan təsiri, onun İslam ümmətinin sivilizasiya quruculuğundakı rolu və regiondakı strateji təsirləri müzakirə olunub.

Natiqlər həmçinin Yəmən, Bəhreyn və digər ölkələrdə onun ideoloji xəttinin yayılmasının qlobal hegemon güclər və onlara bağlı rejimlər tərəfindən niyə narahatlıqla qarşılandığını təhlil ediblər.

Şəhadət bəşəriyyət üçün mədəni və siyasi inqilab yarada bilər

Yəmənli mütəfəkkir doktor İsam əl-İmad çıxışında şəhid rəhbərin yüksək mənəvi şəxsiyyətini ali qiymətləndirərək bildirib ki, onun şəhadəti bəşəriyyət miqyasında mədəni və siyasi inqilaba səbəb ola bilər. O qeyd edib ki, dəfn mərasimi təkcə İslam dünyasında deyil, bütün dünyada ictimai rəyə təsir göstərən böyük hadisəyə çevriləcək.

Dünyanın müxtəlif ölkələrində qiyabi cənazə namazı qılınması təklif edilib

Əl-İmad bu hadisənin beynəlxalq səviyyədə daha geniş əks-səda doğurması üçün müxtəlif ölkələrdə, xüsusilə qiyabi cənazə namazını caiz hesab edən sünni və zeydi məzhəbinin imamlarına dəfn mərasimi ilə eyni vaxtda qiyabi cənazə namazı qılmağı təklif edib. Onun fikrincə, bu təşəbbüs şəhadət mədəniyyətinin qlobal səviyyədə yayılmasına xidmət edəcək.

Şəhid rəhbərin müqavimət cəbhəsinə strateji baxışı

Doktor əl-İmad çıxışının digər hissəsində şəhid rəhbərin Yəməndə İslam oyanışındakı rolundan danışaraq onu Ənsarullah hərəkatının formalaşmasına təsir göstərən əsas simalardan biri adlandırıb. O bildirib ki, şəhid rəhbər uzun illər əvvəl Bədrəddin əl-Husi və Seyid Əbdülməlik əl-Husi kimi şəxsiyyətlərlə elmi və mədəni əlaqələr qurmuşdu.

Onun sözlərinə görə, şəhid rəhbər hələ illər öncə Babül-Məndəb boğazının strateji əhəmiyyətini düzgün qiymətləndirmiş, Yəmənlə mədəni əlaqələrin gücləndirilməsi məqsədilə Nasir Ətruşun məqbərəsinin bərpasına göstəriş vermişdi.

Əl-İmad bildirib ki, şəhid rəhbər çoxşaxəli elmi şəxsiyyət idi. O, siyasi və hərbi məsələləri dərindən bilməklə yanaşı, ABŞ və İsrail barədə geniş biliyə malik idi. Eyni zamanda tarix, rical elmi, fəlsəfə, irfan, həmçinin fars, ərəb və türk ədəbiyyatı sahələrində də yüksək elmi səviyyəyə sahib idi.

Yəmənli mütəfəkkir şəhid rəhbərin Quran təfsiri metodunu Seyid Qütbün yanaşması ilə müqayisə edərək vurğulayıb ki, o, Qurana yalnız siyasi baxımdan yanaşan bəzi islamçı cərəyanlardan fərqli olaraq, siyasətlə mənəviyyat arasında dərin bağlılıq yaratmağa nail olmuşdu.

O, həmçinin şəhidlik eşqinin şəhid rəhbərin düşüncə sistemində mühüm yer tutduğunu qeyd edərək bildirib ki, onun qanının təsiri o qədər genişdir ki, hətta bəzi radikal qruplardan ayrılmış şəxslər və İŞİD üzvlərinin bir hissəsi onun şəhadətindən sonra Əhli-beyt məktəbinə yönəlib.

Əl-İmad sonda bildirib ki, bu gün Yəmən xalqı və dünyanın bir çox müsəlmanları şəhid rəhbərin təkcə siyasi baxışlarına deyil, həm də Məhdəviyyət, Əhli-beyt imamlarının həyatı və digər etiqadi mövzularla bağlı elmi irsinə daha dərindən bələd olmaq istəyirlər.

Bəhreynli siyasi fəal: Şəhid rəhbərin itkisi bütün İslam aləmi üçün əvəzolunmaz itkidir

İclasda çıxış edən Bəhreyn İslam Amal Hərəkatının rəhbərlərindən olan doktor Rəşid ər-Raşid isə bildirib ki, İnqilabın şəhid rəhbərinin itkisi bütün İslam ümməti üçün əvəzolunmaz itki hesab olunur.

O qeyd edib ki, şəhid rəhbər Livan, İraq, Yəmən və Bəhreyndə fəaliyyət göstərən müqavimət hərəkatları və gənclər üçün ilham mənbəyi idi. Böhranlı dövrlərdə onun mövqeyi və bəyanatları mömin qüvvələr üçün hər zaman yol göstəricisi olub.

Bəhreynli siyasi fəal Bəhreynlə İran arasında mövcud olan dərin tarixi və mədəni bağlara toxunaraq bildirib ki, Bəhreyn əhalisinin yarıdan çoxu İran mənşəlidir və bu ölkənin Səudiyyə Ərəbistanı ilə ortaq kimliyi yoxdur.

O, Ali-Xəlifə rejimini sərt tənqid edərək bildirib ki, bu rejimin din alimlərinə, mərsiyəxanlara və dini mərasim təşkilatçılarına qarşı repressiyalarının əsas səbəbi şəhid rəhbərin dini və siyasi nüfuzunun Bəhreyn xalqı arasında yayılmasından duyulan qorxudur.

Ər-Raşidin sözlərinə görə, Ali-Xəlifə rejimi Vilayətül-fəqih prinsipini siyasi cinayət kimi qiymətləndirir və onlarla din alimini həbs etməklə xalqın İran dini mərcəiyyətinə təqlid etməsinin qarşısını almağa çalışır.

O əlavə edib ki, rejim hətta Aşura mərasimlərini və Hüseyni yürüşlərini də "Vilayətül-fəqih ideyasının təbliği" bəhanəsi ilə məhdudlaşdırır. Lakin bütün bu təzyiqlərə baxmayaraq, Bəhreyn xalqının dini mərcəiyyətə və İran sivilizasiyasına bağlılığını qıra bilməyib və bu düşüncə irsi onların yoluna bundan sonra da istiqamət verməyə davam edəcək.

Sizin rəyiniz

You are replying to: .
captcha