Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İsrail Baş nazirinin həyat yoldaşı Sara Netanyahunun, MOSSAD rəhbərliyinə namizəd göstərilən general Roman Qofmanla onun təyinatının elanından əvvəl uzun və məxfi görüşünün üzə çıxması, işğalçı İsrail rejiminin təhlükəsizlik qurumlarında yüksək vəzifələrə təyinatlara baş nazir ailəsinin müdaxiləsi ilə bağlı ciddi etirazlar və suallar doğurub.
Cümə axşamı “Maariv” qəzeti və İsrailin 13-cü telekanalı xəbər verib ki, İsrail rejiminin Baş naziri Benyamin Netanyahunun hərbi müşaviri və MOSSAD rəhbərliyinə yeni namizədi olan Roman Qofman, rəsmi təyinatdan əvvəl Sara Netanyahu ilə uzun müddət davam edən bir görüş keçirib. Bu görüşün təhlükəsizlik təyinatlarının rəsmi prosedurlarında heç bir yeri yoxdur və hazırda siyasi böhrana çevrilib.
Bu, baş nazirin həyat yoldaşının yüksək səviyyəli təhlükəsizlik vəzifələrinə təyinatlara müdaxilə etməsi ilə bağlı iddiaların ilk dəfə gündəmə gəlməsi deyil — İsrail mediası bu tip davranışları dəfələrlə işıqlandırıb.
13-cü kanalın reportajında oxşar müdaxilələrlə bağlı çoxsaylı ifadələr təqdim olunub. O cümlədən, briqada generalı Qay Sur bildirib ki, 2012-ci ildə, “Bulud Sütunu” əməliyyatı zamanı Baş Nazirlik Ofisinə dəvət olunub, lakin gözlənildiyi kimi Netanyahunun özü ilə deyil, Sara Netanyahu ilə geniş bir söhbətə çağırılıb.
O deyib: Sualları tamamilə əsaslı idi və elə oradaca başa düşdüm ki, bu vəzifəyə seçilməyəcəyəm.
Digər nümunə isə MOSSAD-ın keçmiş rəhbəri Yosi Kohenlə bağlıdır. Məşhur israilli iş adamı Ernon Milçen və onun köməkçisi Hədas Kleynin ifadələrinə əsasən, Kohen 2013-cü ildə İsrail rejiminin Daxili Təhlükəsizlik Şurasının rəhbəri postuna təyinatını təmin etmək üçün Netanyahu və həyat yoldaşına şəxsi sədaqət vədi verib. Bu məsələ İsrail mediasında geniş əks-səda doğurmuşdu.
Hətta MOSSAD-ın keçmiş rəhbəri Meir Daqan da daha əvvəl bildirmişdi ki, Sara Netanyahu onunla və baş nazirin özünün iştirakı ilə keçirilən məxfi görüşə xəbərdarlıq edilmədən daxil olub və Netanyahu buna cavab olaraq deyib: O, hər şeydə ortaqdır.
Sizin rəyiniz