Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Eastnews
çərşənbə

13 fevral 2019

05:42:47
928846

Müsahibə

Zərdüşt Əlizadə: "Yəməndə zeydilərə qarşı vuruşan əslində Qərbdir, Səudiyyə oyuncaqdır" - Münasibət

Husilərin təmsil etdiyi zeydilər Yəməni 700-800 il idarə ediblər. Ta ki, keçən əsrin ortalarındakı hərbi inqilaba qədər. Ondan əvvəl Yəməni həmişə zeydi imamları idarə ediblər. İndi onlar yenidən hakimiyyətə gəlirlər. Amma bunu Səudiyyə istəmir

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni də davam etdirirlər.

Baş verənlərə paralel olaraq tərəflər arasında danışıqlar da davam edir. Sonuncu dəfə İsveçdə keçirilən danışıqlarda tərəflər atəşkəs razılaşması əldə etsə də bu gün tez-tez pozuntuların olmasını rəsmilərin açıqlamalarında oxuyuruq. Eastnews.org Yəməndə atəşkəs şəraiti, humanitar yardımlar, beynəlxalq qurumların səssiz qalması və mövzu ilə bağlı digər sualları politoloq Zərdüşt Əlizadəyə yönəldib:

Səudiyyə və ərəb koalisiyasında yer alan ölkələrin Yəməni işğal etməkdə əsas məqsəd və hədəfləri nələrdir?

– Yəməndə hakimiyyət məsələsidir. Zeydiləri hakimiyyətdən kənarlaşdırmaq, İranın təsirini sıfıra endirmək və orada özlərindən asılı bir hökumət qurmaq. Kim ölkəni idarə edəcək? Bu məsələ yəmənlilərin öz ixtiyarına buraxılsa, təbii ki husilər qalib gələrdi və qalib də gələcəkdilər. Birləşmiş Yəməni idarə edəcəkdilər, öz istədikləri kimi. Mən demirəm ki, bu demokratik olacaqdı, ya yox. Amma unutmayaq ki, husilərin təmsil etdiyi zeydilər Yəməni 700-800 il idarə ediblər. Ta ki, keçən əsrin ortalarındakı hərbi inqilaba qədər. Ondan əvvəl Yəməni həmişə zeydi imamları idarə ediblər. İndi onlar yenidən hakimiyyətə gəlirlər. Amma bunu Səudiyyə istəmir və Səudiyyənin oyuncağı olan keçid şura kimi seçilmiş prezident Əbdürrabbi Mənsur Hadi. Ona görə onlar Səudiyyədən asılı müsəlman ölkələrinin qoşunlarını yığıblar.

Səudiyyənin silahı çoxdur və bu ölkəyə oyuncaq prezidenti bərpa etmək üçün müdaxilə edə bilər. Zeydilər də buna müqvimət göstərirlər. Hər iki tərəf barışmaz mövqe tutub. Səudiyyənin maddi və hərbi imkanları çox genişdir. Zeydilərin isə qətiyyəti və döyüşmək qabiliyyəti. Ona görə Yəmən bu gün vətəndaş müharibəsi girdabına düşüb, insani bir faciə yaşanır, milyonlarla insan aclıq içindədir, on minlərlə insan ölüb, o cümlədən uşaqlar acından ölür. Vaxtaşırı BMT həyəcan təbili çalır. Atəşkəsə nail olur ki, hansısa humanitar yardım gəlsin. Yəmənin 3 mühüm limanı var; Mukalla, Ədən və Hudeydə. Bunların hamısı demək olar ki, artıq işğalçıların nəzarətindədir. Hələ ki, döyüşlər gedir. Kimin qalib gələcəyini heç kəs deyə bilməz.

Yəməndə atəşkəs elan olunmasına baxmayaraq hansı səbəbə görə pozuntular tez-tez baş verir?

– Tərəflərdən hər ikisi atəşkəsə riayət olunmasına maraqlı olmalıdır. Məsələn, Azərbaycanda atəşkəs 1994-cü ildə imzalanıb, mütəmadi pozulur, amma bütövlükdə Ermənistan və Azərbaycan rəhbərliyi atəşkəs rejimindən faydalanırlar.

Beynəlxalq qurumlar atəşkəsə riayət olunmasına niyə nəzarət edəcək hərbi qüvvələri bölgəyə göndərmirlər?

- BMT Təhlükəsizlik Şurasının hərbi əməliyyat keçirilməsi barədə qərarı 5 üzv ölkə tərəfindən razılaşdırılmalıdır. Hər birinin veto hüququ var. Onlar isə istəmirlər müdaxilə etsinlər, çünki BMT-nin hərbi əməliyyatları çox baha başa gəlir və əsasən səmərəsiz olur. Ona görə də heç kəs qarışmaq istəmir. ABŞ-ın oyuncağı olan Səudiyyə Ərəbistanı Yəmənin oyuncaq prezidentini müdafiə edir. Faktiki olaraq orada zeydilərə qarşı Qərbin, ABŞ-ın əməliyyatı gedir. Zeydiləri İranla yaxınlıqda ittiham edirlər. Zeydilər birbaşa şiə olmasalar da İranla münasibətləri yaxşıdır. Buna görə çalışırlar ki, zeydiləri kənarlaşdırsınlar.

Humanitar yardımların böyük hissəsinin Hudeyda dəniz limanı vasitəsi ilə ölkəyə daxil olmasına maneələr törədilir. Bəs BMT bu hal qarşısında niyə daha çevik addımlar atmır?

- Onlar beynəlxalq təşkilatların təzyiqi altında humanitar əməliyyatların keçirilməsinə razılaşırlar. Digər tərəfdən qələbə çalmaq, əks tərəfi əzmək istəyi daha güclü olur. Ona görə də bir tərəfdən razılaşırlar, digər tərəfdən də atəşkəsi pozurlar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır