26 iyun 2026 - 14:58
İranın Rusiyadakı səfiri: İmam Xamenei tarix boyu əbədi yaşayacaq

İran İslam Respublikasının Rusiyadakı səfiri bildirib ki, Yezidin Aşura hadisəsində törətdiyi cinayəti bu günün yezidləri də İmam Xameneini şəhid etməklə təkrarladılar. Onun dəfn mərasimində bütün dünya görəcək ki, İmam Xamenei tarix boyu əbədi yaşayacaq.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranın Rusiyadakı səfiri Seyyid Kazım Cəlali Moskvadakı İslam Mərkəzində müxtəlif millətlərdən olan şiələrin iştirakı ilə keçirilən Aşura matəm mərasimində çıxış edərək Aşura hadisəsinin əhəmiyyətindən danışıb.

Cənab səfir bildirib: “İmam Hüseyn (əleyhi səlam) nicat gəmisi və hidayət çırağıdır. Kim bu gəmiyə minsə, nicat tapacaq, minməyən isə həlak olacaq. Hicri 61-ci ildə, bundan 1387 il əvvəl Aşura hadisəsi baş verdi və İmam Hüseyn (əleyhi səlam) şəhid edildi. Bir hadisənin 1400 ildən artıq müddətdə insanların qəlbində yaşaması olduqca maraqlı və heyrətamizdir. Yer üzündə min illər ərzində saysız-hesabsız hadisələr baş verib, lakin bu gün onların çoxundan heç bir iz qalmayıb.

Şiələr İmam Hüseynə (əleyhi səlam) mərsiyə oxuyub ağlayarkən heç vaxt düşünmürlər ki, bu hadisə 1400 il əvvəl baş verib. Elə bil bu faciə bu gün baş verib və biz də onun üçün göz yaşı tökürük. Bunun sirri nədir? Nə üçün İmam Hüseynin (əleyhi səlam) qanı hələ də insanları coşdurur və qəlblərimiz onun sevgisi ilə döyünür? O nə etdi ki, Allah yanında bu qədər əziz oldu və Allah onun adını əbədi yaşatdı? Nə üçün hər il ona olan sevgi artır, yeni xalqlar «Ləbbeyk ya Hüseyn» deyirlər? Nə üçün ona «Sərullah» – yəni «Allahın qanı» adı verilib?”

Cənab Cəlali əlavə edib: “Biz İmam Hüseynin (əleyhi səlam) şəhadətinə görə sinə vurur və matəm saxlayırıq. Bununla yanaşı, onu düzgün tanımalı və başqalarına da tanıtmalıyıq. Həzrət Əba Əbdillah Hüseynin (əleyhi səlam) əbədiliyinin sirlərindən biri budur ki, o, malik olduğu hər şeyi Allah yolunda fəda etdi.

İranın Rusiyadakı səfiri: İmam Xamenei tarix boyu əbədi yaşayacaq

Aşura hadisəsi ikiüzlü sikkəyə bənzəyir. Bir üzü gözəl və nurani, digər üzü isə dəhşətli və çirkindir. Aşurada gördüyümüz bütün vəhşiliklər və cinayətlər Yezidin ordusu tərəfindən törədildi. Elə bir zülm yoxdur ki, Aşurada baş verməmiş olsun. Altı aylıq körpənin qətlə yetirilməsi, səksən yaşlı qocanın öldürülməsi, igid gənclərin şəhid edilməsi, Peyğəmbərin (səlləllahu əleyhi və alih) nəvəsi İmam Hüseynin (əleyhi səlam) qətlə yetirilməsi, onun ailəsinə və çadırlarına hücum edilməsi, qadın və uşaqlara rəhm edilməməsi – bunların hamısı Aşurada baş verdi.”

O bildirib ki, Aşura hadisəsi eyni zamanda çoxlu gözəllikləri də özündə ehtiva edir: “Burada Allaha ibadət və bəndəlik gözəlliyini görürük. İmam Hüseyn (əleyhi səlam) Aşura gecəsi namaz qılmaq və ibadət etmək üçün möhlət istədi. Tövbə hadisəsi də Aşuranın gözəlliklərindəndir. Həzrət Əli Əkbərin (əleyhi səlam) şəhadəti, Aşura şəhidlərinin İmam Hüseynlə (əleyhi səlam) söhbətləri, İmamın ordusundan bir nəfərin belə Yezid tərəfinə keçməməsi bu hadisənin digər gözəllikləridir. Sanki dünyanın bütün gözəllikləri Aşura gecəsi və günü Kərbəlada toplanmışdı. Bu gözəlliklər bu gün də cəmiyyətimizi formalaşdırır.

Haqq cəbhəsində olmağımız, batil cəbhəsində olmamağımız böyük nemətdir. Müqavimət cəbhəsinin yaranması, hətta sünni qardaşlarımızın da bu cəbhəyə qoşulması gözəl hadisədir. Bu gün şəhadət anlayışının yaşaması və «Hüseyn bizim şüarımızdır, şəhadət bizim iftixarımızdır» deməyimiz böyük bir şərəfdir. İranın, Azərbaycanın və İraqın İmam Hüseyn (əleyhi səlam) sevgisinin mərkəzlərindən olması, digər bölgələrdə də bu məhəbbətin yayılması böyük nemətdir.”

İranın Rusiyadakı səfiri: İmam Xamenei tarix boyu əbədi yaşayacaq

Səfir İranın “Ramazan müharibəsi” adlandırdığı müharibədə qazandığı qələbəyə də toxunaraq deyib: “Bu gün şeytanlar üzərində qələbə qazandığımız böyük nemətdir. Kim düşünərdi ki, müqavimət cəbhəsi və İslami İran dünyanın ən güclü ordusu hesab edilən ABŞ ordusu və bölgənin güclü və atom bombalarına sahib olan sionist rejim ordusuna qalib gələ bilər? Bu, böyük nemətdir. Sizin müqavimətiniz sayəsində sionist rejim İlahi lütflə tarixdə görünməmiş dərəcədə nifrət olunan rejimə çevrilib.

Tarix boyu həm Yezid olub, həm də İmam Hüseyn (əleyhi səlam). Bu günün yezidləri Tramp və Netanyahu kimiləridir. Yezid Aşurada bir Əli Əsğəri öldürdü, amma bugünkü yezidlər çoxlu Əli Əsğərləri qətlə yetiriblər. Qarşınızda yeni bir Kərbəla yaşanır. Minabda şəhid edilən 7–12 yaşlı məsum uşaqların hansı günahı var idi?”

Cəlali daha sonra bildirib: “Bugünkü yezidlər bizim dövrümüzün İmam Hüseyni olan İmam Xameneini şəhid etdilər. Onlar Aşurada Yezidin törətdiyi cinayəti yenidən təkrarladılar. Onun dəfn mərasimində bütün dünya görəcək ki, İmam Xamenei tarix boyu əbədi yaşayacaq.

Onlar İmam Xameneini aradan götürmək məqsədi ilə şəhid etdilər, lakin indi baxın, o bütün dünyada yenidən dirilib və onun qanı necə böyük təsir göstərib. Şəhid İmam Xamenei demişdi ki, Allah İran xalqını məbus edəcək (hərəkətə gətirəcək). Müharibədən əvvəlki İranla sonrakı İran tamamilə fərqlidir. Bu gün hamımız haqq cəbhəsində qalibik. Bu cəbhə niyə məğlub olmur? Çünki bizim üçün iki gözəl aqibətdən biri var: ya şəhid oluruq, ya da sağ qalaraq mübarizəni davam etdiririk. Maddi həyata aludə olanlar şəhadətin mənasını dərk edə bilmirlər. Şəhid rəhbərimiz həmişə Allahdan ona şəhadət nəsib etməsini istəyərək göz yaşı tökürdü.”

O, çıxışının sonunda deyib: “Allaha şükürlər olsun ki, haqq cəbhəsi gündən-günə genişlənir və müxtəlif ölkələrlə birləşirik. Bu ölkələrdən biri də Rusiya Federasiyasıdır. Rusiyanın tutduğu mövqe qlobal təkqütblülüyə qarşı mübarizədə bizim yolumuzla üst-üstə düşür.

Biz Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edirik. O, rəhbərimizin şəhadəti münasibətilə başsağlığı verən ilk dövlət başçısı oldu və yeni rəhbərimiz Ayətullah Seyid Müctəba Xameneinin seçilməsini təbrik edən ilk siyasi şəxsiyyət idi. Rusiyada İbrahim dinlərinin nümayəndələrinin dini ayinlərini sərbəst şəkildə yerinə yetirmələri də təqdirəlayiqdir.”

Qeyd edək ki, tədbirdə Rusiyadakı Ali Rəhbərin nümayəndəsi və Moskva İslam Mərkəzinin rəhbəri Höccətülislam vəl-Müslimin Mehdi Bəxtəvər, həmçinin İranın Rusiyadakı mədəniyyət müşaviri doktor Əbdülrəza Raşid də iştirak ediblər.

Sizin rəyiniz

You are replying to: .
captcha