Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Braziliyanın Folha de S.Paulo qəzetinin xüsusi müxbiri və köşə yazarı ilə müsahibəsində vurğulayıb: “Danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir. Əslində bizim istədiklərimiz tələb deyil, hüquqlarımızdır. Məsələn, deyirik ki, illərlə bloklanmış aktivlərimiz azad edilməlidir. Biz öz vəsaitimizə çıxış əldə etməliyik. Yaxud İranın NPT çərçivəsində nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək üzrə ayrılmaz hüququnun təmin olunmasını istədikdə, bu tələb deyil, NPT üzvü kimi hüquqlarımızın bir hissəsidir. Həmçinin ABŞ-nin birtərəfli sanksiyalarının ləğv edilməsini tələb etdikdə də bu, tələb deyil, hüquqlarımızın tərkib hissəsidir”.
O bildirib: “Hazırda diqqətimiz regionda müharibənin dayandırılmasına yönəlib və bunun bir hissəsi də Fars körfəzi və Hörmüz boğazında vəziyyətin sabitləşdirilməsi, eləcə də onların dəniz mühasirəsi adlandırdığı məsələ ilə bağlı danışıqlardır ki, bu da beynəlxalq hüquqa əsasən tamamilə qanunsuzdur. Onlar buna son qoymalıdırlar və biz bildirmişik ki, gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək üçün tədbirlər hazırlayacağıq”.
“İran zənginləşdirilmiş uranını üçüncü ölkəyə köçürməyə hazırdırmı?” sualına cavabında Bəqayi deyib: “Nəyə görə?”
“Bilmirəm, bu ABŞ-nin irəli sürdüyü tələblərdən biridir” cavabına münasibət bildirən sözçü qeyd edib: “ABŞ çoxlu tələblər irəli sürüb, amma əsas sual budur ki, İran niyə öz materiallarını başqa ölkəyə köçürməlidir? Məgər onlar bizim nüvə proqramımızdan narahat olduqları üçünmü bunu istəyirlər? Belə deyirlər, amma əgər həqiqətən və səmimi şəkildə İranın nüvə proqramının mahiyyətindən narahat idilərsə, niyə əvvəlcə nüvə sazişi olan Birgə Hərtərəfli Fəaliyyət Planından çıxdılar? Çünki BHFP tam şəkildə işləyirdi”.
Bəqayi əlavə edib: “İranın fəaliyyəti Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatlarına əsasən qüsursuz idi. 2015-ci ildən 2018-ci ilə qədər Agentlik ardıcıl 15 hesabat yayımlayıb və həmin hesabatlarda İranın öhdəliklərinə sadiq qaldığı, hər şeyin tam şəffaf olduğu təsdiqlənib”.
O vurğulayıb: “Heç kim bizim nüvə proqramımızdan narahat deyildi və indi də hamı bilir ki, bizim nüvə proqramımız yüz faiz dinc xarakter daşıyır. Siz Agentliyin İranı dinc məqsədlərdən yayınmaqda ittiham etdiyi bircə hesabat belə tapa bilməzsiniz. Buna görə də xalqımız, region xalqları və bütün dünya bu gün hər zamankından daha yaxşı anlayır ki, İranın nüvə proqramı ilə bağlı qurulan böyük yalan yalnız İrana təzyiq göstərmək və sonradan ona qarşı təcavüzkar müharibəyə legitimlik qazandırmaq üçün bəhanə idi. Əks halda, dediyim kimi, İranın nüvə proqramı tamamilə dinc xarakter daşıyırdı və Agentliyin ən sərt nəzarəti altında həyata keçirilirdi”.
Sizin rəyiniz