Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist rejim ordusunda canlı qüvvə böhranı ən yüksək həddə çatıb; belə ki, sionistlər 15 min nəfərlik hərbçi çatışmazlığı ilə üzləşiblər.
Sionistlərin “Maariv” qəzeti bu gün, şənbə günü, “əsgər çatışmazlığı böhranının dərinləşməsi” fonunda sionistlər arasında narahatlığın artdığını yazıb.
Qəzet qeyd edib ki, “Əqsa tufanı” əməliyyatının başlanmasından bəri müharibənin bir neçə cəbhədə davam etməsi səbəbindən bu rejimin ehtiyat qüvvələri üzərində təzyiq dəfələrlə artıb. Qəzet həmçinin etiraf edib ki, işğal olunmuş ərazilərdə “xalq ordusu” modeli artıq yetərli deyil.
“Maariv”in yazdığına görə, bunun səbəbi sionist rejimdə hərbi xidmətə marağın azalması və ultraortodoks yəhudilərin — haredilərin orduya cəlbi ilə bağlı böhranın hələ də davam etməsidir.
Qəzet İsrail ordusunun hazırda “misli görünməmiş dağılma” ilə üz-üzə qaldığını vurğulayaraq yazıb ki, İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamirin 2026-cı ilin may ayı üçün qiymətləndirməsinə əsasən, orduda 15 min hərbçi çatışmazlığı yaranıb. Bu isə “təhlükəli əməliyyat boşluğu” hesab olunur və ordunun müharibəni davam etdirmək qabiliyyətini təhdid edir.
“Maariv” bu təklifi irəli sürüb ki, İsrail ordusu canlı qüvvə çatışmazlığını aradan qaldırmaq üçün “yüksək maaş müqabilində xarici ölkələrdən hərbçilər cəlb etməlidir”. Qəzet qeyd edib ki, bu təklif Ukraynanın Rusiya ilə müharibə zamanı xarici qüvvələri cəlb etməsi təcrübəsinə əsaslanır; belə ki, on minlərlə hərbçi maliyyə təşviqləri və yüksək maaş müqabilində Ukrayna ordusuna qoşulub.
Hesabata əsasən, İsrail hazırda təxminən 236 milyard dollar həcmində xarici valyuta ehtiyatına malikdir və rejim hökuməti bu vəsaitin bir hissəsini xarici hərbçilərin maliyyələşdirilməsi üçün istifadə edə bilər.
Sizin rəyiniz