Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiyanın Xarici İşlər Nazirliyinin xəbər portalı məlumat verib ki, bu ölkənin xarici işlər naziri telefon danışığında iranlı həmkarı ilə regional məsələlər və Qubernatorlar Heyəti Şurasının iclası ilə bağlı fikir mübadiləsi aparıb.
İran tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında Seyid Abbas Əraqçi və Sergey Lavrov Əfqanıstan və Pakistan arasındakı ixtilafların siyasi və diplomatik vasitələrlə həllinə yardım göstərilməsinin vacibliyini vurğulayıb, həmçinin regionun digər mühüm məsələləri barədə də müzakirələr aparılıb.
Telefon danışığı zamanı iki ölkənin xarici işlər rəhbərləri Qəzza zolağında beynəlxalq hüquq və beynəlxalq qanunlar əsasında dayanıqlı sülhün əldə edilməsinin əhəmiyyətini də qeyd ediblər.
Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, söhbət zamanı Beynəlxalq Atom Enerjisi Agentliyinin Qubernatorlar Heyəti Şurasının iclası başlamazdan əvvəl İranın nüvə proqramı ilə bağlı “zamanlaşdırılmış koordinasiyalar” da həyata keçirilib.
Xatırladaq ki, İran İslam Respublikasının xarici işlər naziri Əraqçi BMT Təhlükəsizlik Şurasında Fələstinlə bağlı ABŞ və Avropa ölkələrinin fəaliyyətinə, həmçinin Qəzza və Fələstin xalqına beynəlxalq qəyyumluq tətbiq olunmasına gətirib çıxara biləcək qətnamə layihəsinin təqdim edilməsinə işarə edərək bildirmişdi ki, belə təşəbbüslər Fələstin xalqının müstəqillik və öz müqəddəratını təyinetmə prinsipləri ilə ziddiyyət təşkil edir və müvəffəqiyyət qazanması mümkün deyil.
Lavrov isə telefon danışığını alqışlayaraq Moskvanın ikitərəfli məsləhətləşmələrin və regional müzakirələrin davam etdirilməsinə hazır olduğunu, həmçinin kollektiv təhlükəsizliyin qorunması üçün region ölkələrinin əməkdaşlığının əhəmiyyətini vurğulamışdı.
Sizin rəyiniz