3 noyabr 2025 - 18:22
Fransada 8 ay əvvəl yandırılmış Məscidə qarşı yeni təhdidlər

“Mediapart” saytı hesabatında belə bir sual verir: “İslamofobik və orfoqrafik səhvlərlə dolu bu mesajların arxasında kim dayanır?” Həmçinin Əli Öztürkün sözlərini sitat gətirir: “Aydındır ki, müsəlman cəmiyyətində ixtilaf yaratmaq istəyən qüvvələr mövcuddur.”
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İQNA – Beynəlxalq Xəbər Agentliyinin verdiyi məlumata görə, 2025-ci il fevral ayında yandırılmış Fransanın Orlean bölgəsindəki bir Məscid yenidən təhdidlər alıb.
“Əl-Cəzirə”-nin verdiyi xəbərə görə, Fransız “Mediapart” xəbər saytının məlumatında bildirilib ki, Orlean yaxınlığında yerləşən Qarqo Məscidi 2025-ci ilin fevralında yandırıldıqdan sonra, bu dəfə Məscidi yenidən yandırmaqla hədələyən bir məktub alıb.
Hesabatda qeyd olunub ki, yeni hədələyici məktub 2025-ci il oktyabrın 28-də Məscidin sahibi olan Fransa–Türkiyə Mədəniyyət Assosiasiyasının Qarqodakı poçt qutusuna göndərilib.
Bu Məscid ilk dəfə 2023-cü ildə əl yazısı ilə yazılmış bir məktub almışdı və həmin məktubda belə yazılmışdı: “Türklər! Fransanı tərk edin.”
Assosiasiyanın üzvlərindən biri Əli Öztürk bildirib: “Pis bir hiss içindəyik. İlk dəfə məktub aldığımızda Məscid yandırıldı, buna görə bu məsələni sadə qarşılaya bilmirik. Bu da göstərir ki, həmişə bizə yaxın bir yerdə cəmiyyət üçün təhdid yaradan biri və ya bir qrup var.”
Məscid yandırıldıqdan sonra aylardır müsəlmanlar assosiasiyanın mərkəzi ofisində müvəqqəti bir zalda namaz qılırlar. Assosiasiya yanğında tamamilə dağılan zalın əvəzinə yeni bir namaz zalının tikilməsi üçün icazə istəyib.
Bir il davam edən istintaqa baxmayaraq, hələ də yanğının səbəbi və günahkarları barədə dəqiq dəlil tapılmayıb.
Öztürk bu barədə deyib: “Biz təəccüblənmişik. Necə olur ki, bu qədər aydan sonra hələ də heç bir nəticə əldə olunmayıb? Əgər hələ də bu cür məktublar alırıqsa, deməli, lazımi tədbirlər görülməyib.”
Orlean prokurorluğu istintaqa başladığını açıqlasa da, yayılan məlumatlara görə törədənlər hələ müəyyənləşdirilməyib.
“Mediapart” saytı hesabatında belə bir sual verir: “İslamofobik və orfoqrafik səhvlərlə dolu bu mesajların arxasında kim dayanır?” Həmçinin Əli Öztürkün sözlərini sitat gətirir: “Aydındır ki, müsəlman cəmiyyətində ixtilaf yaratmaq istəyən qüvvələr mövcuddur.”
Orlean baş prokuroru isə yanğının səbəbinin hələ müəyyən edilməməsinə dair verilən suallara cavabında bildirib: “Mülki tərəflərin səbirsizliyini anlayıram, lakin istintaq adi sürətlə davam edir və iş ən yüksək ciddiyyətlə aparılır.”

Sizin rəyiniz

You are replying to: .
captcha