Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qərbi Avstraliyadan olan 16 yaşlı gənc məhkəmədə Sidneydəki Məscidə qarşı internetdə hədələyici material yerləşdirdiyini etiraf edib.
Yetkinlik yaşına çatmadığı üçün şəxsiyyəti açıqlanmayan yeniyetmə cümə günü Bunbury Uşaq Məhkəməsində qısa müddətə görünərək, etiraf edib.
Söhbət martın əvvəlində Sidney ətrafında yerləşən “Əl-Beyt Əl-İslami” Məscidinin İnstaqram hesabına göndərilən bir sıra təhdid mesajlarından gedir.
Onun yazıları arasında 2019-cu ildə Yeni Zelandiyanın Kraystçörç şəhərində, iki Məsciddə, Cümə Namazı zamanı 51 nəfərin öldürülməsi ilə nəticələnən terror aktlarına işarə edilib. Həmçinin onun yazılarında üstünlükçü və irqçi şüarlar da mövcud olub.
Polisin araşdırmasından sonra yeniyetmənin evi Qərbi Avstraliyanın cənub-qərb bölgəsində müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri həyata keçirən əməkdaşların üzərindən mobil telefon və oyun konsolu götürülüb. Yeniyetmə daha sonra təhlükə və ya təhlükənin mövcudluğu barədə yanlış təsəvvür yaratmaqda ittiham olunub.
Məhkəmə iclası zamanı polis prokuroru Ceyn Gillham bildirib ki, Kraystçörç hücumunun görüntüləri oğlanın telefonunda saxlanılıb.
Hakim Stiven Butçer yeniyetməyə bildirib ki, onun hərəkətləri əvvəllər təhdidlərə məruz qalan cəmiyyətdə qorxuya səbəb olub.
Hakim deyib: “Bu tip yazıların, düşüncələrin cəmiyyətimizdə yeri yoxdur və məhkum olunmalıdır”.
Məhkəmə yeniyetməni zorakı ekstremizmlə mübarizə üçün nəzərdə tutulmuş təlim proqramında iştirak etməyi əmr edib. Onun cəzalandırılması ilə bağlı yekun qərar qəbul edilməzdən əvvəl proqramdakı irəliləyişinə baxılacaq.
Sizin rəyiniz