30 iyun 2014 - 16:38
 "Amerika islamı zahirdə İslam adını daşısa da, əslində Amerikaya xidmət edir"

Mübarək Ramazan ayının gəlişilə əlaqəli Tehranda "İmam Xomeyni" adına Hüseyniyyədə Ayətullah Xameneinin iştirakı ilə məclis təşkil edilib

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Mübarək Ramazan ayının gəlişilə əlaqəli Tehranda "İmam Xomeyni" adına Hüseyniyyədə Ayətullah Xameneinin iştirakı ilə məclis təşkil edilib

İslamazeriaz-ın İran mediasına istinadən verdiyi xəbərə görə, məclisdə Quran oxunub, ilahi mahnılar səsləndirilib.

Ayətullah Xamenei bu ayda Quranı dərk etməyin əhəmiyyətini diqqətə çəkərək deyib: “Bu istiqamətdə aparılan işləri elə formada qurmaq lazımdır ki, camaat Qurandakı məna və anlayışlarla yaxın ünsiyyətdə olsun. Quranla günü-gündən daha çox ünsiyyətdə olmağın təsiri nəticəsində İslam toplumu daxildən möhkəmlənir. Müxtəlif toplumlara çətinliklərdən keçib irəli getmək gücü qazandıran da məhz bu daxili möhkəmlikdir”.

Ayətullah Xamenei Quranla ünsiyyətin bərəkətli nəticə və faydaları sırasında Allaha iman və təvəkkülün, ilahi vədlərə inamın güclənməsini, maddi problem və çətinliklərin insanda yaratdığı qorxunun aradan qalxmasını qeyd edərək deyib: “Quran ayələrinin mənası haqqında düşünmək İslam toplumunu xurafat və azğınlığın zülmətindən, qorxu və gümanın qaranlığından çıxararaq Allahı tanımağa doğru hidayət edir. Bu gün isə bu, müxtəlif çətinliklərlə üzləşən İslam toplumunun əsas ehtiyaclarından biridir”.

Ayətullah Xamenei müsəlmanların uzaqgörənliyinə işarə edərək deyib: “Bu reallıq İslam düşmənlərini qorxudur və onlar İslam adı, İslam pərdəsi altında İslama qarşı mübarizə aparmağa çalışırlar”.

İmam Xomeyinin "əsil Muhəmmədi İslam və "amerikan islam"ı fikirlərinə toxunan İranın Ali Dini ldieri deyib: “Amerikanın İslamı zahirdə İslam adını daşısa da, zalımlarla, sionistlərlə dil tapıb yola gedir, imperialistlərin rəhbərliyini qəbul edir və büsbütün tağutun, Amerikanın məqsədlərinə xidmət edir”.

Bir daha İraq hadisələrinə işarə edən Ayətullah Xamenei sonda deyib: “Bəzi İslam toplumları arasında, o cümlədən İraqda qəsdən törədilən problem və münaqişələrdə düşmənin casus xidmətlərinin mütləq rolu var, baş verənlərin arxasında onların xəbis əlləri durur. Buna açıq-aşkar dəlil-sübutlar var.”

islamazeri.az

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags