Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ermənistanın Baş naziri və “Vətəndaş müqaviləsi” partiyasının sədri Nikol Paşinyan parlament seçkilərində qələbə qazandığını bəyan edərək bildirib ki, onun rəhbərlik etdiyi partiya növbəti hökuməti təkbaşına formalaşdıracaq.
Paşinyan bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib: İyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələri “Vətəndaş müqaviləsi” partiyasına koalisiya tərəfdaşları olmadan ölkəni idarə etmək imkanı verib.
Paşinyan vurğulayıb ki, “Vətəndaş müqaviləsi" partiyası Milli Assambleyaya seçkilərdə qalib gəlib və hökuməti müstəqil şəkildə formalaşdıracaq.
Paşinyanın sözlərinə görə, partiyası 2021-ci il parlament seçkiləri ilə müqayisədə daha çox seçicinin etimadını qazanıb. O, əldə olunan nəticəni həm mühüm nailiyyət, həm də ciddi məsuliyyət kimi qiymətləndirib.
Ermənistanın Baş naziri əlavə edib: Bu nəticə onu göstərir ki, Ermənistan Respublikası vətəndaşları dövlətçiliyin, müstəqilliyin, gələcəyin və sülhün tərəfindədirlər.
Reuters agentliyinin məlumatına görə, Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının nəticəsini “tarixi qələbə” adlandırıb. Hazırkı mərhələdə seçki bülletenlərinin 21 faizi sayılıb və partiya təxminən 54,5 faiz səs toplayıb.
Rusiyaya yaxın mövqeyi ilə tanınan “Güclü Ermənistan” koalisiyası 21,9 faiz səslə ikinci, “Ermənistan” koalisiyası isə 8,7 faiz səslə üçüncü yerdə qərarlaşıb.
Sizin rəyiniz