3 may 2026 - 18:28
Source: IRNA
İmam Xamenei: Müəllimlər və fəhlələr mədəni və iqtisadi mübarizənin ən təsirli qüvvələridir

İmam Xamenei: Müəllimlər və fəhlələr mədəni və iqtisadi mübarizənin ən təsirli qüvvələridir

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabının Rəhbəri Seyid Müctəba Hüseyni Xamenei Fəhlə Günü və Müəllim Günü münasibətilə mesajında bəyan edib: Müəllimlər mədəni mübarizənin ən təsirli halqası, fəhlələr isə iqtisadi mübarizənin ən təsirli ünsürlərindəndir; belə ki, bu iki təbəqənin mədəniyyət və iqtisadiyyat sahələrinin onurğa sütunu olduğunu iddia etmək olar.

İslam İnqilabı Rəhbərinin Fəhlə Günü və Müəllim Günü münasibətilə mesajının mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

Ordibeheşt ayının 11 və 12-si fəhlənin məqamı və müəllimin dəyərinin təqdir edildiyi günlərdir. Şifahi və simvolik təqdir, düzgün və yerində olan bir iş olsa da, hər bir ölkənin inkişafı elm və əməl adlı iki qanaddan asılıdır.

Müəllim bu məqsədin gerçəkləşməsinin ilk mərhələsində rol oynayır. Biliyin öyrədilməsi, bacarıqların artırılması, həmçinin gələcək nəslin baxışlarının inkişafının mühüm hissəsi və kimliyinin formalaşdırılması onun üzərinə düşən məsuliyyətdir. Hər bir müəllimin yanında yetişən şagirdlər, tələbələr və dini təhsil alanlar yaxın gələcəkdə öyrəndikləri bilik və bacarıqları tətbiq edəcək və hətta ailənin isti mühitindən tutmuş iş yerinə, küçə və cəmiyyətə qədər müxtəlif sahələrdə davranış və nitqlərində müəllimlərinin davranış və sözlərini bir güzgü kimi əks etdirəcəklər.

Digər tərəfdən, əmək sahəsi ölkə miqyasında geniş bir meydandır; evlərin daxilindən, idarələrdən, iş və biznes vahidlərindən, məscidlərdən tutmuş əkin sahələrinə, emalatxanalara, fabriklərə, mədənlərə və çoxsaylı xidmət sahələrinə qədər uzanır. Bu geniş sahə böyük uğurların əsas dayaqları sayılan zəhmətkeşlik və öhdəlik kimi iki ünsürdən nə qədər çox bəhrələnsə, ölkənin inkişafı bir o qədər daha çox və daha yaxşı təmin olunacaqdır.

Bilirik ki, bir fəhlə öhdəlik və düzgün əməl sayəsində bəzən elə bir məqama çatır ki, müəllim və tərbiyəçinin mehriban əli kimi, onun bacarıqlı və sənətkar əlinə də təşəkkür və minnətdarlıq əlaməti olaraq öpmək lazımdır. Bu isə hər bir insanın ilk tərbiyəçiləri olan ata və ananın qucağından və sonrakı mərhələdə müəllimin hüzurundan qaynaqlanır.

İndi İran İslam Respublikası 47 ildən artıq mübarizədən sonra, ilahi lütfə arxalanaraq, öz inkişaf və yüksəlişinə qarşı olan düşmənlərlə hərbi qarşıdurmada diqqətəlayiq gücünün bir hissəsini dünyaya sübut etmişdir. Buna görə də iqtisadi və mədəni cihad mərhələsində də onları məyus etməli və məğlub etməlidir.

Müəllimlər mədəni mübarizənin ən təsirli halqası, fəhlələr isə iqtisadi mübarizənin ən təsirli ünsürlərindən biridir; belə ki, bu iki təbəqənin mədəniyyət və iqtisadiyyat sahələrinin onurğa sütunu olduğunu demək olar. Buna görə də onlar öz xüsusi mövqelərinin əhəmiyyətini — yalnız fəaliyyət müqabilində əməkhaqqı alınan bir peşədən daha üstün olduğunu — düzgün dərk etməlidirlər.

Eyni zamanda nəzərə almaq lazımdır ki, illik və ya vaxtaşırı şifahi təqdirlər hərçənd yerində və münasibdir, lakin bu iki təbəqənin zəhmətlərinə verilən qiymət bundan daha dərin və daha əməli olmalıdır. Mən hesab edirəm ki, əziz İran xalqı meydan və küçələrdə iştirak etməklə öz ölkəsinin hərbi qüvvələrinə layiqli dəstək göstərdiyi kimi, müəllim və fəhlələrə dəstək məsələsində də güclü mövqe ortaya qoymalıdır.

O cümlədən, şagird və tələbələrin ailələrinin məktəb və universitetlərin idarə olunmasında iştirakı daha da genişləndirilməlidir. Həmçinin ölkə daxilində istehsal olunan malların istehlakına üstünlük verməklə istehsalçı fəhlələr dəstəklənməli, xüsusilə zərər görmüş biznes sahibləri istər istehsal, istərsə də xidmət sahələrində mümkün qədər işçi ixtisarından və işçi qüvvəsinin ayrılmasından çəkinməlidirlər. Əksinə, hər bir fəhlə həmin istehsal və xidmət vahidinin sərvəti kimi qiymətləndirilməlidir. Əlbəttə, möhtərəm hökumət də imkan daxilində bu xeyirxah addımı dəstəkləməlidir.

Əziz İran uzun illərin səyləri nəticəsində hərbi güc kimi meydana çıxdığı kimi, inşallah və ilahi lütf sayəsində, İran-İslam kimliyinin xətlərinin müəyyənləşdirilməsi və bunun gənclərin düşüncə və ruhuna daha dərindən nüfuz etməsi müəllim və tərbiyəçilərin əli ilə, eləcə də zəhmətkeş iranlı fəhlələrin əməyinin nəticəsi olan yerli istehsal mallarına üstünlük verilməsi ilə inkişaf və yüksəliş zirvələrinə doğru irəliləyəcəkdir. Bu isə, şübhəsiz, İmam Zamanın (ə.f) xeyir-duası və vasitəçiliyi ilə, Allah-Taalanın izni ilə daha tez və daha yaxşı şəkildə gerçəkləşəcəkdir.

Vəssəlamu əleykum və rəhmətullahi və bərəkətuh.

Seyid Müctəba Hüseyni Xamenei

1 may 2026

Sizin rəyiniz

You are replying to: .
captcha