Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Noyabrın 28-də Aşqabadda İran İslam Respublikasının Prezidenti Ayətullah Seyid İbrahim Rəisi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında görüş keçirilib.
Görüş regionumuzun gələcəyi ilə bağlı mühüm qərarların qəbulu və dövlətlərarası münasibətlərin yüksək səviyyəsinin bəyan edilməsi baxımından ön plana çıxıb.
Sirr deyil ki, ictimaiyyətdə 44 günlük müharibədən sonra regionumuzda yeni yaranmış reallıqlar kontekstində demək olar ki, təkcə İranla münasibətlərdə qeyri-müəyyənliyin olması barədə fikir formalaşmışdı. Lakin Aşqabaddakı görüş bu istiqamətdəki bütün suallara birmənalı şəkildə aydınlıq gətirdi.
Azərbaycan və İran liderləri ölkələr arasındakı münasibətlərin yaxın qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq mühitinə söykəndiyini bir daha bəyan etdilər.
Bəs bir qədər əvvəl münasibətlərdə yaranmış qeyri-müəyyənliyin səbəbi nə idi?
Suala cavab tapmaq üçün İran Prezidenti Ayətullah Seyid İbrahim Rəisinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə səsləndirdiyi fikirlərə diqqət yetirək:
“Azərbaycan Respublikası ilə münasibətlərimiz təkcə qonşuluq münasibətləri deyildir, bizim ürəklərimizin münasibətidir, iki ölkənin xalqlarının ürəkləri bir döyünür. Bizim tarix və sivilizasiya birliyimiz vardır. Bütün bunlar bizi daha da möhkəm birləşdirir. Biz heç vaxt imkan verməməliyik ki, digərləri bizim münasibətlərimizə müdaxilə etsinlər. Biz öz məsələlərimizi özümüz həll etməliyik, münasibətlərimizi irəliyə aparmaq, qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək üçün birgə işləməliyik”.
Regionda Azərbaycanın uğurlarından narahat olan, Bakının Tehranla münasibətlərində süni gərginlik yaratmaqda öz maraqları olan tərəfin kimliyini müəyyən etmək elə də çətin deyil.
Sirr deyil ki, uşaq qatili olan, işğalçı siopnist İsrail və Ermənistan rejimləri ciddi cəhdlə bütün imkanlarından istifadə edərək iki dövlət arasındakı münasibətlərə xələl gətirməyə, Bakı-Tehran münasibətlərinə zərər vurmağa çalışırdı. Bu işdə yəhudi və erməni təbliğat maşını fəal iştirak edir, iki qardaş xalqın və dövlətin münasibətlərinə kölgə sala biləcək informasiyalar (kontekstdən çıxarılmış) tirajlanırdı.
Lakin həm yəhudi həm də erməni təbliğat maşınlarının qurduğu planlar iflasa məhkum idi. İlk növbədə, həmin həssas dönəmdə İran tərəfinin “TIR-larla bağlı” verdiyi qərar sionist İsrail rejimi ilə Erənistan rejiminin məkrli planlarının vüsət almasına imkan vermədi. Beləcə iki dövlət mehriban qonşuluq münasibətlərinə sadiqliyini ortaya qoyaraq, problemlərin dialoq yolu ilə həllinin mümkün olduğunu göstərdilər.
Bu işdə İran İslam Respublikasının sayıqlığı və siyasi iradəsi mühüm rol oynadı. Fələstin torpaqlarını işğal etmiş İsrail və təcavüzkar Ermənistan rejiminin qurmağa çalışdıqları oyun iflasa uğrasa da, bu xain planlara ən ağır zərbə isə ötən gün İİR və Azərbaycan prezidentlərinin görüşü ilə vuruldu.
Təkcə iki ölkə prezidentlərinin görüş zamanı nümayiş etdirdiyi səmimi münasibət belə iki dövlət arasındakı münasibətlərə digərlərinin müdaxiləsinin mümkünsüz olduğunun növbəti elanı idi.
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Ayətullah Seyid İbrahim Rəisi arasındakı səmimi söhbət və xalqların qardaşlığına və münasibətlərin sarsılmazlığına vurğu etmələri dövlətlərarası münasibətlərin gələcək perspektivdə də yüksələn xətlə inkişaf edəcəyinin zəmanəti oldu. Azərbaycan Prezidenti İlham Əliyev məsələyə bu cür münasibət bildirdi:
“Dost kimi, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək. Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir”.
Aşqabadda Azərbaycan və İran liderlərinin görüşü iqtisadi baxımdan da əhəmiyyət daşıyırdı. Belə ki, tərəflər arasında “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş” imzalandı.
Azərbaycan Prezidenti İlham Əliyevin “tarixi sənəd” adlandırdığı bu saziş üçtərəfli (Azərbaycan-İran-Türkmənistan) əməkdaşlıq üçün çox gözəl zəmin yaradacaq. Ölkələrin iqtisadiyyatına öz töhfəsini verəcək razılaşma enerji təhlükəsizliyi baxımından da mühüm bir addım kimi xarakterizə olunmalıdır. Türkmənistan qazının İran vasitəsilə Azərbaycana nəql edilməsi şübhəsiz ki, ticarət-iqtisadi münasibətlərin də inkişafında mühüm rol oynayacaq.
Digər tərəfdən iki ölkənin liderinin müzakirə predmetlərindən biri də məhz Zəngəzur dəhlizi oldu. İkitərəfli münasibətləri bütün istiqamətlər üzrə dərinləşdirməkdə maraqlı olan Azərbaycan və İran dövlətləri Zəngəzur dəhlizindən də birgə istifadə barədə razılığa gəliblər.
İİR və Azərbaycan prezidentlərinin müvafiq razılığa gəlib, regionun gələcəyi üçün əməkdaşlığı daha da genişləndirdiyi bir vaxtda, sözsüz ki, qanunsuz İsrail rejimi və Ermənistanın bu məsələ ilə bağlı da uydurma iddialarını da xatırlamaq gərəklidir.
Belə ki, Tarixi, Milli, Mədəni, İrqi və Dini kökləri bir olan Bakı ilə Tehran münasibətlərinə zərər vurmağa çalışan işğalçı yəhudi rejimi ilə Ermənistanın təbliğat maşını İranın Zəngəzur dəhlizinə qarşı olması barədə cəfəng iddialar səsləndirirdi. Lakin ötən gün baş tutan görüş bu iddiaların da əsassız olduğunu və böhtan xarakteri daşıdığını ortaya qoydu. Qeyri-leqal İsrail rejimi ilə təcavüzkar Ermənistanın İranla Azərbaycan münasibətlərini pozmaq cəhdinə növbəti dəfə ağır zərbə vuruldu, bu planlar iflasa uğradı. Yekunda Azərbaycanla İİR arasındakı mehriban dostluq, qardaşlıq münasibətləri qalib gəldi!
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!