29 aprel 2017 - 19:22
 ''Mehman Hüseynov ölkədəki ən pis cəzaçəkmə müəssisəsinə göndərilib''

Bu həbsxananın ilk siyasi məhbusu Əbülfəz Elçibəy olub Aprelin 21-də həbsdə olan bloger Mehman Hüseynov 14 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Bu barədə məlumatı onun vəkili Elçin Sadıqov yayıb.

Hüquq müdafiəçisi, bir müddət əvvəl həbsdən azad olunmuş Rəsul Cəfərovsa bu cəzaçəkmə müəssisəsini pisləyir.

Bu barədə öz “Facebook” səhifəsində məlumat paylaşan hüquq müdafiəçisi deyir: “Mehman Hüseynov çoxdan ləğv edilməli olan 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Orada hazırda başqa siyasi məhbus yoxdur, gediş-gəlişi çətin yerdir”.

14 saylı Cəzaçəkmə Müəssisəsində həbs həyatı yaşamış, vaxtilə beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslər Meydan TV-ə fikirlərini bölüşüb.

Müəssisə 1050 nəfər üçün nəzərdə tutulub

Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqov deyir ki, 14 saylı Cəzaçəkmə Müəssisəsi şəraitinə görə Azərbaycandakı ən pis cəzaçəkmə müəssisəsi sayılır:

“Çünki 50 il bundan əvvəl istifadəyə verilmiş müəssisədir. Digər tərəfdən, ətrafı daş karxanaları və səhra ilə əhatə olunub. Bir qədər külək əsən kimi orada güclü tozanaq başlayır, dustaqların üst-başı bütün toz içində olur. Hətta tibbi maskalar vasitəsilə gəzirdik. Orada yataqxana sistemidir, kamera sistemi deyil. Təxminən 150 nəfər insanın yatdığı böyük yataqxanalardır. Çox darısqaldır. Müəssisə 1050 nəfər üçün nəzərdə tutulub. Daim sıxlıq olur. Mən orada olanda son aylarda dustaqlar həddindən artıq çoxalmışdı. Buna görə də çarpayıları sıxlaşdırmaq məcburiyyətində qalmışdılar. Orada ən ciddi problemlərdən biri sudur. Yay aylarında günlərlə su olmur. Xatırlayıram ki, 15 gün su gəlməmişdi. Təsəvvür edin də, tozun içindəsən və su gəlmir. Ayaqyolu həddindən artıq bərbaddır, ümumiyyətlə, bütün cəzaçəkmə müəssisələrində eynidir, iyrənc mənzərə var. Normal cəhət ondan ibarət idi ki, yataqxanalar "kombi" istilik sistemi ilə təchiz olunmuşdular. Qışda soyuq olmur. Müəssisə rəhbərliyi kifayət qədər adekvat idi. Tibbi xidmət normal səviyyədədir. Ordakı həkimlər məndə xoş təəssürat yaratdılar. Orada ciddi nöqsan təbii şərait və yerləşdiyi yerdir. Dustaqları əsas narahat edən toz və istidir. Təsəvvür edin, yayda azca da olsa külək əsmirdi ki, bir az sərinlik olsun”.

Məhkumlar 40, 100, 120 nəfərlik ümumi baraklarda qalırdılar

14 saylı CÇM-də həbs həyatı yaşayanlardan biri də ictimai fəal Bəxtiyar Hacıyevdir. O da hesab edir ki, bu müəssisə Azərbaycanda ən ağır şəraiti olan həbsxanalardandır:

“Ətrafda daş karxanalarının işləməsi, yaşıllığın olmaması məhkumların bütün günü toz və isti külək altında qalmasına səbəb olurdu. Ümumi ayaqyolularında natəmizlik təsviredilməz dərəcədə idi. Bəzən günlərlə müəssisədə su problemi olurdu, məhkumlar əl-üz yumaq üçün onlara ailələri tərəfindən göndərilmiş içməli sudan istifadə edirdilər. Yay aylarında tozlu həbsxanada yuyunmaq vacib olsa da, hamamdan istifadə həftədə bir dəfə ilə məhdudlaşırdı. Xüsusi hallarda bir neçə dəfə istifadəyə icazə verilirdi. Məhkumlar 40, 100, 120 nəfərlik ümumi baraklarda, ikimərtəbəli çarpayılarda yatırdılar və gündüzlər bu baraklardan istifadə, istirahət və oturmaq qadağan idi. Çox sayda məhkumun eyni kiçik barakda qalması isə əlavə bir çətinlik törədirdi. Mən orada olduğum müddətdə artıq həbsxanada təmir işləri başlamışdı, su problemi həll edilirdi. İndi həmin problemlərin nə qədər hissəsinin həll olunduğunu deyə bilmərəm”.

Nəsimi RPİ-nin rəisi Musa Musayev Mehman Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. Martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. Bloger məhkəmə zalında həbs olunub. Blogerin apelyasiya şikayəti təmin olunmayıb.

Tags