Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının İraqdakı sabiq səfiri şəhid general Hacı Qasim Süleymaninin İraqdakı təhlükəsizlik proseslərində əsas rol oynadığını qeyd edərək bildirib: Amerikalılar regionda həyata keçirdikləri layihələrin əksəriyyətinin yarımçıq qaldığı qənaətinə gəlmişdilər və bu uğursuzluğun əsas səbəbi kimi İran İslam Respublikasını və onun başında sahə üzrə idarəetməni həyata keçirən Hacı Qasimi görürdülər. Buna görə də onun aradan götürülməsini öz məğlubiyyətlərinin həlli yolu hesab edirdilər.
İranın İraqdakı sabiq səfiri Həsən Danaeifər “Diplomatiya masası” rubrikasında İRNA-ya müsahibəsində deyib:
Mosulun süqutu may ayında baş verdi. Mən isə bundan əvvəlki ilin yanvar ayında, Fəllucə hadisələri zamanı – Fəllucənin süqut etdiyi dövrdə, təsadüfən bu günlərə uyğun gələn 31 dekabr tarixində – bunu dəqiq xatırlayıram – Fəllucə süqut etdi. Mən həmin vaxt baş nazirin yanına getdim və bildirdim ki, biz narahatıq; hələ o zaman bu adla tanınmayan İŞİD hücum edəcək və Mosul süqut edəcək. Yəni, səhv etmirəmsə, təxminən 31 may tarixində, hadisədən beş-altı ay əvvəl mən Mosulun süqut edəcəyini demişdim. Bu, təkcə mənim fikrim deyildi, Hacı Qasimin da mövqeyi eyni idi.
Bu nümunə ilə demək istəyirəm ki, bu yalnız mənim rəyim deyildi; Hacı Qasimin da fikri belə idi. Biz birgə məsləhətləşir, birgə müzakirə aparırdıq. Hərçənd mənim şəxsi qənaətim daha güclü idi, çünki bundan iki ay əvvəl həmin ağır və böhranlı şəraitdə Mosula səfər etmişdim. Səfirlərin vəzifəsi yerlərə getmək, vəziyyəti yaxından görməkdir. Biz Mosula getdik, hətta orada iqtisadi iclaslar da keçirdik. Mən orada belə bir nəticəyə gəldim ki, təhlükəsizlik vəziyyəti tarazlı və dayanıqlı deyil və hər an hadisə baş verə bilər.
Hacı Qasim ABŞ-nin regiondakı layihələrinin uğur qazanmasına mane olurdu / Hacı Qasim İraqdakı vəziyyəti dəyişdi
Buna görə də o vaxtkı baş nazir cənab Malikiyə bildirdim ki, mənim fikrimcə Mosul süqut edəcək. Soruşdu ki, bu təhlildir, yoxsa kəşfiyyat məlumatıdır? Ərəblər adətən bu iki anlayışı bir-birindən ayırırlar. Dedim ki, bu həm təhlildir, həm məlumatdır, həm vəziyyətin qiymətləndirilməsidir, həm də kəşfiyyat məlumatıdır. Soruşdu ki, amerikalılar niyə bunu bizə demirlər? Dedim ki, haradan bilirsiniz amerikalıların da bu planın bir hissəsi olmadığını? Dedi ki, siz indi bunu deyirsiniz, amma amerikalılar bizə belə bir məlumat verməyiblər, filankəs də deməyib – bu sözlərlə Kürdüstan bölgəsinin məsul şəxslərinə işarə edirdi. Dedim ki, bilmirəm; cavabını da verdim, qoy zaman keçsin, sonra bu məsələlər barədə danışarıq. Adətən bu görüşlər qardaşcasına münasibətlər və qarşılıqlı hörmət şəraitində keçsə də, müzakirələr açıq və peşəkar aparılırdı. Hər halda mən bu qənaətdə idim. O, mehribanlıqla məni otaqdan çıxanadək yola saldı və elə oradaca, ayaqüstü dedi ki, sözlərinlə razıyam, lakin amerikalılar tərəfindən bizə elə məhdudiyyətlər tətbiq olunur ki, düzgün qərar qəbul etməyə imkan vermir; əks halda sizin təhlilinizi qəbul edirəm. Demək istəyirəm ki, təkcə biz yox, elə onun özü də dolayısı ilə bunu etiraf edirdi. Yenə deyirəm, bəzi məsələlər barədə danışmaq üçün zaman keçməlidir.
Hər halda bu, sonradan bəzilərinin dediyi kimi “heç bir qiymətləndirmə yox idi və hamı qəfil təəccübləndi” tipli hadisə deyildi. Xeyr, belə deyildi. Hadisə baş verdi və bu, son dərəcə ağır bir hadisə idi. Orada altı diviziya mövcud idi – hərbi, təhlükəsizlik və polis qüvvələri daxil olmaqla; üç polis diviziyası və üç ordu diviziyası vardı. Çox ağır şəraitdə Mosul süqut etdi. Daha sonra hadisələr qar uçqunu kimi başladı və irəliləməyə davam etdi. Digər vilayətlərdə də son dərəcə ümidsiz vəziyyət yarandı – Mosuldan Ənbar vilayətinə, dərhal Diyaləyə və Səlahəddinə keçdi. Bir-birinin ardınca, qar uçqunu kimi irəlilədi. Bütün İraq üzrə, xüsusilə də şiələr arasında son dərəcə ağır psixoloji vəziyyət yarandı.
O günlər çox çətin günlər idi. Çərşənbə axşamı, saat 11-də Mosul süqut etdi. Süqutdan əvvəl, elə həmin gün bir neçə dəfə Hacı Qasim ilə əlaqə saxlamışdıq. Təxminən saat 11-dən əvvəl danışdıq. Dedi: “Həsən, nə xəbər var?” Dedim: “Təəssüf ki, düşündüyümüz baş verdi
Dedi: “Səncə, mən gəlim?” Dedim: “Mütləq.” Ondan əvvəl Hacı Qasim birbaşa şəkildə nadir hallarda meydana daxil olurdu, lakin bu dəfə dedi ki, gəlir.
Sizin rəyiniz