Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün İmam Rzanın (ə) şəhadət günüdür. Hicri qəməri tarixi ilə 203-ci il Səfər ayının 30-da Allahın yer üzərində Xəlifə təyin etdiyi 8-ci İmamı həzrət Əli ibn Musa əl-Rza qəsibkar abbasilər xəlifəsi Məmun ibn Harun (Allah bütün Əhli Beyt düşmənlərinə lənət etsin) tərəfindən Xorasanda zəhərləndirilib və Şəhadətə qovuşub. Hidayət çırağı olan İmam 55 yaşında Şəhid olub.
Bü hüznlü gün münasibətilə başda Zamanəmizin sonuncu İmamı, Allah Talanın yer üzərindəki Höccəti, həzrət Məhdi (Allah Təala Onun şərəfli Gəlişini tezləşdirsin) cənablarına, onun haq naibi İmam Xameneiyə, Ali Təqlid Mərcələrinə və bütün insan və cin tayfalarına başsağlığı veririk.
İmam Rzanın həyatına qısa bir baxış
İmam Rza müsəlmanların 8-ci İmamıdır. Həzrətin əsl adı Əlidir. İmam Əli ibn Musanın kunyəsi Əbul-Həsən, ən məhşur ləqəbi isə Rzadır.
Həzrət İmam Rza (əleyhi səlam) hicrətin 148- ci ilində mübarək Zilqədə ayının 11-də dünyaya gəlmişdir. Atası 7-ci İmamımız Həzrət Musa ibn Cəfər ibn Muhəmməd ibn Əli ibnil-Huseyn ibn Əlidir (Allahın Salamı bütün hidayət İmamlarının üzərinə olsun!). Həzrətin anasının adı Tukəm olmuş və O, fəzilətli xanımlardan olmuşdur. Çünki O, 7-ci İmamın zövcəsi və 8-ci İmamın isə anasıdır. İmam Rza (Ona salam olsun) dünyaya gəldikdən sonra İmam Museyi-Kazim (Ona salam olsun) O Xanıma “Tahirə” adını vermişdir. Hər bir zamanın öz imamı olduğu və yer üzü heç zaman İlahi höccətsiz qalmadığı kimi, İmam Rza da, Öz zəmanəsinin İmamı və Allah-Təalanın insanlar üzərindəki hüccətidir.
O Həzrətin həyatı əsasən 2 hissədən ibarətdir:
1. Atası İmam Kazimlə (Ona salam olsun) birlikdə yaşadığı dövr, bu müddət 35 ildir.
2. Atasının (Ona salam olsun) şəhadətə yetdiyi, yəni Özünün imamətə çatdığı dövrdən şəhadətinə qədərki dövr. Bu dövr 20 il olmuşdur. İmam Rza (Ona salam olsun) atası İmam Kazim (Ona salam olsun) hicri 183- cü ildə Bağdadın zindanında zəhərləndirilərək şəhid edildikdən sonra imamət məqamına yetişdi.
Əbdür-Rəhman ibn Həccac deyir: “Əbül-Həsən Musa ibn Cəfər (Ona salam olsun) öz oğlu Əlini (Ona salam olsun) öz canişini təyin etdi, onun üçün vəsiyyətnamə yazdı və Mədinənin tanınmış şəxsiyyətlərindən altmış nəfəri şahid tutdu.”
İmam Rza (Ona salam olsun) 35 yaşında imamət məqamına çatır, 20 il ümmətin İmamı və rəhbəri olur və hicri 203-cü ildə – 55 yaşında Şəhadətə qovuşur.
O həzrətin (Ona salam olsun) şərif məzarı İranın Xorasan – indiki Məşhəd şəhərindədir. Bu gün müxtəlif ölkələrdən saysız-hesabsız insan Həzrət İmamı (Ona salam olsun) ziyarət etmək üçün Məşhəd şəhərinə gəlir, İmamın (Ona salam olsun) vasitəsiylə Allahdan hacətlərini diləyir, duaları müstəcəb olur, şəfa tapırlar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır