AİP-in Baş Məclisində M.Səmədovun Dağlıq Qarabağ, korrupsiya, milli-mənəvi dəyərlərin aşılanması barədə dedikləri Azərbaycan mətbuatı və ictimaiyyətində daim geniş müzakirə olunur. M.Səmədov siyasi Lider kimi cəmiyyətin, xüsusilə də dindarların önündə getdiyi üçün ölkədə baş verən ictimai-siyasi proseslərdəki naqislikləri görür və gündəmə gətirir. Onun çıxışları hər zaman fərqlənirdi.
O, cəmiyyətə sivil mübarizə yollarını göstərir və bununla da nəinki AİP-in üzvlərini, həmçinin bütün düşünən Azərbaycan vətəndaşlarının ürəyindən keçənlərdən danışırdı.
Hər işin səbəb və nəticəsi vardır. İslamda da belədir. İqtidar M.Səmədovun çıxışında göstərilənləri aradan qaldırmaqdansa, onun həbsinə fərman verdi. Amma bununla ölkədə korrupsiyanın qarşısı alınmadı, milli-mənəvi dəyərlər, vətənpərvərlik təbliğatı keyfiyyətini dəyişmədi.
Nöqsanları yaradanlar deyil, bu nöqsanı görənlər həbs olundu. M.Səmədov çıxışında hicaba qadağanın insan azadlıqlarının məhdudlaşdırılmasından və bunu törədə biləcəyi fəsadlardan danışmışdı. Hicaba qadağa qoymaqla xalqın maariflənməsinin qarşısı alınır. Bu qadağa hələ də davam edir. Hicab müsəlman üçün namus məsələsidir, çox həssas məqamdır. Hökumət isə cəmiyyətdə əmin-amanlıq naminə məsələni çözmək əvəzinə, onu daha da qızışdırdı. Nəticədə dindarlar ilə iqtidar arasında gərginlik yarandı.
M.Səmədov yuxarıda da dediyim kimi cəmiyyətdəki nöqsanları görməməzliyə vura bilməzdi. İctimai-siyasi, o cümlədən dini xadim cəmiyyətin önündə getməli, ona qaranlıqdan işığa çıxış yolunu göstərməlidir.
Hacı Möhsüm bu rolu həmişə ləyaqətlə yerinə yetirib. Maraqlıdır ki, M.Səmədov həmin mövzuları həmişə qaldırıb, amma ona heç vaxt terrorçu, dövlətçiliyimizin düşməni damğası vurulmamışdı. Onun həbsinə səbəb olan çıxışında yalnız əlavə bir məsələ vardı-hicaba qadağaya etiraz.
Hər bir dövlətin gücü xalqdır. Xalqın isə inanc yeri İslam dinidirsə, o zaman dinimiz dövlətimizin əsasıdır.
Hakimiyyət öz əsaslarına müxalif olmaz, onu dağıtmaz. Əgər dini atributlara məhdudiyyət qoyulursa, məsələnin sivil yol ilə həllinə çalışmaq vəzifəmiz olur.
Azərbaycan Qərbə intiqrasiya edir, bir çox qlobal məsələlərdə beynəlxalq qurumlarla məsləhət və məşvərət aparır. Hətta prezident seçkilərinin müqəddaratını belə Qərb həll edir. Amma İslamın ən böyük düşməninin Qərb olduğunu bilirik. Qərbin və sionzimin əlində alət olan təhsil nazirliyinin hicaba qadağa qoyması Azərbaycan dövlətçiliyin xeyrinə deyil.
Azərbaycan dünyəvi bir dövlət olmaqla bərabər, həm də müstəqil dövlətdir. Çünki Azərbaycan Müsəlman dövləti olduğu üçün onun dini adət-ənənələri də önəmlidir. Bunu dövləti idarə edən hakimiyyət də bilməli və xalqın heysiyyatı ilə oynamamalıdır. Xalqın namus və qeyrət saydığı atributlara ehtiyatla yanaşmalıdır. Hətta xaricdən olan belə cəhdlərə sipər olmalıdır. Əgər bunu edə bilmirsə, onda islamçılara öz namus və qeyrətini qorumaq üçün yol açsın.
Azərbaycan islamçıları M.Səmədovun həbsinə, yalançı ittihamlara etiraz edir. Möhsüm Səmədov öz dövlətinə, millətinə, bayrağına, dininə sadiq qalan şəxsiyyətlərdən biridir. Bizim üçün hacı Mövsüm dini və siyasi rəhbərdir. Bu, heç zaman dəyişməyəcək.
Azərbaycan İslam Partiyasının sədrinin birinci müavini Hacı İnqilab Əhədli
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır