27 mart 2013 - 19:30

Əgər düşmən məqsədimizə çatmaqda bizə şərait yaradarsa, bu yoldan çəkinmək lazımdır; hətta o yolu haqq və düzgün yol bilsək belə. Çünki bu iş İblisin (Allah ona lənət etsin) İsaya (əla nəbiyyina və alihi və əleyhis səlam) “la ilahə illallah” demək təklifinə bənzəyir…

“Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır”. Ali-İmran, 13

Çoxlarını maraqlandıran belə bir sual var: Bəsirət nədir? Bəziləri elə düşünürlər ki, bəsirət məqamı ariflərə məxsus olub insanların mənəvi sifətlərini, çöhrələrini görməkdən ibarətdir. Əslində bu cavab da düzgündür. Amma gəlin görək, arif və xüsusən də bəsirət sözünün mənası yalnız budurmu? Əlbəttə ki, xeyr. Bu cavab bəsirət anlayışını heç də tam şəkildə çatdırmır. Asimani kitab olan Qurani-kərimə, İslam müqəddəslərinin həyatına və sözlərinə, eləcə də İmam Əlinin (əleyhi səlam) bəşəriyyətə yadigar qoyduğu Nəhcül-bəlağə kitabındakı qızıldan qiymətli kəlamlara diqqətlə nəzər yetirsək, bəsirət məfhumunun tam mənasını anlaya bilərik. Əsl bəsirət həm də ictimai-siyasi agahlıq, düşmən və onun hiyləsinə qarşı uzaqgörənlik, onun hücumundan öncə buna hazırlıq, hər an qarşıya çıxan ictimai-siyasi fitnələr zamanı zirəklik göstərmək və bu fitnələrdən üzüağ çıxmaq deməkdir. Həqiqi arif isə millətin mənəvi sifətlərindən xəbərdar olan yox, özünü və cəmiyyəti qurtuluşa çıxaracaq bəsirətə sahib olandır.

Bu gün doğma yurdumuzda, xüsusən də din alimləri arasında bu bəsirət məsələsinə olduqca ehtiyac duyulur. Bəsirət bir çox sahələrdə olduğu kimi, ölkəmizdə aktual məsələyə çevrilən anti-İslam addımlara da qarşı lazım olan yenilməz bir silahdır. Son zamanlar bu ehtiyac, özünü “Hicab qadağası” fitnəsində büruzə verdi.

Tətbiq olunmuş Hicab qadağası və digər anti-İslam addımlar Azərbaycanda İslamın – Şiəliyin gücünü və nüfuzunu xarici və daxili düşmənlərə isbat etdi. Onlar bir daha əmin oldular ki, ölkədə Hüseyn ibn Əli (əlehiməs səlam) məktəbindən tərbiyə almiş Ruhanilər var, onları həbs və ölümlə sındırmaq olmaz. Amma gəlin görək, bütün işlər bununla tamamlanırmı? Burada biz din xadimlərinin boynuna düşən vəzifə nələrdən ibarətdir?

Unutmayaq ki, din uğrunda mübarizə cəmiyyətin hər bir mübariz fərdində bəsirət, vəhdət, şücaət, müqavimət, həbs, şəhadət, təcrübə və digər lazımi xüsusiyyətləri tələb edən bir məsələdir. Əgər hər hansı bir mübariz şəxsdə bu sadaladıqlarım olmasa, nəinki mübarizə və müqavimətin mənası olmayacaq, hətta əks nəticə verəcəkdir. Bundan əlavə, bu dəyərlərin toplanması üçün insanda zahiri şücaətdən əlavə, ağıl şücaətinə də ehtiyac var. Əgər insanda ağıl şücaəti olmasa, zahiri şücaətin heç bir faydası olmayacaq.

Buna misal olaraq deyə bilərəm ki, bir vaxtlar başda Azərbaycan İslam Partiyasının  sədri, cənab Doktor Mövsüm Səmədov olmaqla bir sıra uzaqgörən Ruhanilərimiz bu qadağanın hakimiyyət tərəfindən geniş vüsət alacağını, təzyiqlərin qarşısında axıra qədər və əzmlə mübarizə aparmağın lazım olduğunu və bu məsələdə hakimiyyətin gözəl vədlərinə inanmamağı deməklə onları mübarizə meydanına dəvət etsələr də, bu qadağanın aradan qalxmasına çalışan bəzi fəallar bu xəbərdarlığa əhəmiyyət vermədilər. Nəticə məlum, sonrakı peşmançılıq isə faydasız oldu.

Çox təəssüflər olsun ki, bu gün də bəzi inanclı və Ruhanilər düşməni və onun məkrli planlarını düzgün anlamadıqlarına görə, çox sadəlövhlüklə onu mehriban ana və ata kimi qələmə vermək istəyirlər. Unutmaq lazım deyil ki, bu gün düşməndən hər şey gözləmək olar; qadağaları artırsın, yeni həbslərə start versin, yaxud bu günə qədər cəllad hakimiyyəti mehriban ana kimi təqdim və Amerika islamını təbliğ edən ilahiyyatçılara şiəlikdən dəm vurmaq imkanları yaratsın, onların vasitəsi ilə bütün bu qadağalara yekun vursun, Hicab qadağasını götürsün, inanclı kəsimə minnət qoyaraq Hicab müqaviməti ilə üzləşdikləri təhlükəni aradan qaldırsın. Hətta ola bilər ki, İslam yolunda cihad meydanı belə açsın. Çünki tarixdən dərs almış Ruhanilər çox yaxşı bilirlər ki, İslamın düşmənləri onun əzmkar ardıcılları ilə bacarmadıqda siyasətlərini dəyişərək özlərini avam insanların gözündə dinə və dindarlara qarşı mehriban qələmə vermiş, yeri gələndə dini işlərə sponsorluq eləmiş, Məscidlər tikmiş, qadağaları azaltmış, bəzi “ruhani”lərin təbliğat fəaliyyətinə imkan yaratmışlar. Həmin dırnaqarası ruhanilər isə zəmanənin zalım hakimləri üçün necə lazımdırsa məddahlıq etmişlər. Təbii ki, bu arada əsas tərəf olan sadə və dünyadan xəbərsiz camaat bu fitnənin qurbanına çevrilmişlər.

Burada bəsirət məfhumuna çox ehtiyac duyulur. Diqqət etsək görərik ki, şəxsi məsələlərdə digərlərinə qarşı bədgümanlıq İslamda tənqid olunan xüsusiyyətlərdən olsa da, ictimai və siyasi məsələlərdə özünü dost, arxa və dayaq kimi qələmə verən şəxslərə qarşı ilk addımda nikbin olmaq özü bir bəsirətsizlikdir. Belə məqamlarda ayıq və zirək olmaq həm çətin, həm də vacib məsələdir. Necə ki, Əbuzər Müaviyənin onu ələ almaq üçün göndərdiyi pullar qarşısında bəsirətlik göstərərək onun hiylələrinə aldanmadı. Bəli, düşmən rəhimsiz, hiyləgər, ondan yaxşılıq gözləmək sadəlövhlük və xəyanət, onların oyununa girmək isə böyuk günahdır.

Bəli, düşməndən hər şey gözləmək olar. Atılan bütün bu “xeyirxah” addımlardan yalnız bir məqsəd güddüklərini görmək çox da çətin deyil. O da bundan ibarətdir ki, məclis və Məscidlərdə Amerika sayağı İslamı təbliğ edən saray mollaları və ruhanilər vasitəsi ilə dini kəsimi və milləti istədikləri siyasətə uyğun tərbiyə edib, robota çevirsinlər, İslamı yalnız əyilib-durmaqda, ac-susuz qalmaqda xülasələşdirib, əsl din və İslam adı altında istədikləri siyasətləri həyata keçirsinlər.

Əmin olun ki, sionizm tərəfindən diktə olunmuş bu yeni layihə Azərbaycan hakimiyyəti tərəfindən tamaşaya qoyulsa, bu günə qədər bar-bar bağırıb dini siyasətdən ayrı bilənlər və susub səsini çıxartmayan ruhanilər də din adı altında aparılan bu siyasi kampaniyaya çox böyük məmnuniyyətlə “hə” deyəcək, hakimiyyəti əsl İslamın təbliğatçısı kimi qələmə verəcək və xalqa bu zalımların etdikləri cinayəti, həbsləri və şəhidlərimizi unutduracaqlar.

Belə olan surətdə, uzaqgörən Ruhanilərin düzgün siyasi fəaliyyətinə çox ehtiyac duyulur. Bundan əlavə, siyasi səhnədə olmayan, dərsi, pişnamazlığı, moizəsi və digər bəyənilən əməlləri ilə dinə xidmət edən Ruhanilər də belə siyasi dərkə sahib olmalıdırlar. Burada məqsədim kiminsə siyasi alətinə çevrilmək yox, bəsirətli olmaq, düşməni tanıyıb hiylələrinin qarşısında düzgün qərar çıxarmaq, siyasi prosesləri izləmək və düzgün təhlil etməkdir. Çünki siyasi və ictimai olaylar düzgün təhlil olunmasa, insan yolunu azar.

Allaha şükürlər olsun ki, bu gün bizim Mövsüm Səmədov kimi bəsirətli Ruhanilərimiz az deyil. Hacı çox yerlərdə uzaqgörənliklə düzgün yolu seçdi. Halbuki belə məqamlarda çoxlarının ayağı büdrədi (Yuxarıdakı misal bunun bariz nümunəsidir). Amma təəssüflər olsun ki, bəziləri bilərəkdən onun barəsində düşmən dəyirmanına su tökür, bir qrup avam şəxslər isə xəbərsizlikdən cəmiyyətdə onu olduğunun əksinə tanıtdırmaq istəyirlər. Amma məlum məsələdir ki, Allah ucaltdığını heç kəs alçalda bilməz. Doktor Mövsüm Səmədov kimi Din Alimi və uzaqgörən şəxsiyyəti tanıyan dost və düşmən bu sözümü təsdiqləyər. Necə ki, Hacı Mövsümlə eyni haqq cəbhəsində Allah düşmənlərinə qarşı çiyin-çiyinə vuruşan və İslam yolunda azadlığından məhrum edilmiş böyük mübariz ruhani Hacı Abgül Süleymanovun zindandan yazdığı məktubda dediyi “Əgər imamlardan örnək almaq çətindirsə, Mövsüm Səmədovdan örnək almağınızı məsləhət görürəm. Mən onun kimi qardaşla fəxr edirəm… O, öz vəzifəsinə layiqincə əməl etdi” sözləri də təsdiq edir.

Əziz bacı və qardaşlar! Gəlin, bəsirətli olaq və bəsirətli insanların və Ruhanilərin davamçısı olaq. Çünki haqla batili, dostla düşməni, zalımla məzlumu tanımaq çox çətindir. Amma tam əmin olun ki, haqqı heç vaxt zalımların razılığında tapmaq olmaz. Əgər bildirdiyimiz rəy onları razı salarsa, o rəy batil rəydir. HAQQ o yerdə tapılar ki, zalımlar və Allahın düşmənləri tutduğumuz mövqeyə görə qəzəblənsin və buna reaksiya versin. Əgər düşmən məqsədimizə çatmaqda bizə şərait yaradarsa, bu yoldan çəkinmək lazımdır; hətta o yolu haqq və düzgün yol bilsək belə. Çünki bu iş İblisin (Allah ona lənət etsin) İsaya (əla nəbiyyina və alihi və əleyhis səlam) “la ilahə illallah” demək təklifinə bənzəyir…

Unutmayın! Əgər düşmən sabah bizə cənnətin açarlarını təqdim etsə, əmin olun ki, o qapılar arxasında alovlu cəhənnəm bizi gözləyir.

 

Tohid İbrahimbəyli

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır