Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ-ın “The Wall Street Journal” qəzeti Fars Körfəzi ölkələrinin İranın Hörmüz boğazına nəzarətinin uzunmüddətli xarakter daşıyacağı qənaətinə gəldiyini yazıb.
Məlumata görə, Fars Körfəzi ölkələri neft və qaz ixracında yaranan çətinliklərə baxmayaraq, İranla yenidən müharibəyə qayıtmağın mövcud vəziyyətdən daha ağır nəticələrə səbəb ola biləcəyini düşünürlər.
Qəzetin məlumatına əsasən, Fars Körfəzi ölkələri Hörmüz boğazının açılması ilə bağlı hazırda müzakirə olunan razılaşmanı İranla ABŞ arasında gərginliyin daha da artmasından üstün tuturlar.
Birmingem Universitetinin Körfəz təhlükəsizliyi üzrə tədqiqatçısı Ömər Kərim bildirib ki, hazırkı şəraitdə ərəb Fars Körfəzi ölkələri Hörmüz boğazının tam təhlükəsizliyinə və fasiləsiz açıq qalmasına zəmanət verə bilmirlər. Buna görə də onlar nəqliyyat və ticarət baxımından bu su yolundan əvvəlki kimi asılı ola bilməzlər və müəyyən dərəcədə İranın tələbləri ilə hesablaşmağa məcburdurlar.
ABŞ-ın İrana zərbələrindən və Hörmüz boğazının bağlanmasından sonra “Kpler” şirkətinin məlumatlarına əsasən, ötən həftə boğazdan gündəlik xam neft ixracı təxminən 2,2 milyon barrel təşkil edib. Bir ay əvvəl bu göstərici 8,5 milyon barrel olub. Münaqişədən əvvəl isə Hörmüz boğazından gündə təxminən 20 milyon barrel neft və neft məhsulları daşınırdı.
Bildirilib ki, son altı ay ərzində qlobal neft ehtiyatları 400 milyon barreldən çox azalıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi bazar ertəsi bildirib ki, ABŞ İrana qarşı “təcavüzkar addımlarını”, o cümlədən İran limanlarının blokadasını dayandırıb bunun nəticələrini aradan qaldırmayana qədər Hörmüz boğazı açılmayacaq.
Fars Körfəzi ölkələri ABŞ-ın strategiyasının olmamasından narazıdır
“The Wall Street Journal” yazır ki, Körfəz ölkələrinin rəsmiləri İranla hər hansı razılaşmanın Tehranının raket proqramına və regiondakı müttəfiq qruplara dəstəyinə təsir göstərməyəcəyi ehtimalı ilə barışıblar.
Fars Körfəzi ölkələrinin rəsmiləri ABŞ-ın müharibənin uzanması fonunda aydın strategiya ortaya qoya bilməməsindən narahatlıq ifadə edirlər. Onların fikrincə, bu vəziyyət regionun təhlükəsizliyi və iqtisadiyyatına ciddi risklər yaradır.
Qəzetin məlumatına görə, İran rəsmiləri ABŞ Prezidenti Donald Trampın gərginliyi artırmaqla bağlı təhdidlərini həyata keçirəcəyi təqdirdə regionun enerji infrastrukturunun hədəfə alına biləcəyini bildiriblər. Fars Körfəzi ölkələrinin rəsmiləri isə enerji obyektləri və dəniz suyunun duzsuzlaşdırılması qurğularının hücumlara qarşı həssas olduğunu etiraf edirlər.
ABŞ-da münaqişələri izləyən qurumun məlumatına əsasən, fevralın 28-dən iyulun 30-dək İran və İraqdakı silahlı qruplar altı ərəb Fars Körfəzi ölkəsində mülki infrastruktura azı 172 hücum həyata keçirib. Bu hücumların təxminən yarısının enerji obyektlərinə yönəldiyi bildirilib.
Atlantik Şurasının Qlobal Enerji Mərkəzinin baş əməkdaşı Ellen Uold qeyd edib ki, Hörmüz boğazının açılması ilə bağlı qısamüddətli razılaşma Körfəzdən enerji daşımalarının bərpasına imkan verə bilər. Lakin bu, təhlükəni tamamilə aradan qaldırmayacaq.
Sizin rəyiniz