Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Birləşmiş Millətlər Təşkilatının Əfqanıstanda insan hüquqları üzrə xüsusi məruzəçisi Riçard Bennet Kabulda oğurluqda ittiham edilərək öldürülən 11 Şiə gənclə bağlı təcili və müstəqil araşdırma aparılmasına çağırıb.
Talibanın Kabul şəhər təhlükəsizlik komandanlığının sözçüsü Xalid Zədran bildirib ki, bazar ertəsi, avqustun 10-da 18-ci təhlükəsizlik dairəsində evə daxil olaraq silahlı oğurluq törədən dörd nəfər təhlükəsizlik qüvvələri ilə atışma nəticəsində öldürülüb. Onun sözlərinə görə, hadisə yerindən iki tapança götürülüb.
Zədran təxminən 10 gün əvvəl Kabilin 8-ci təhlükəsizlik dairəsində təhlükəsizlik qüvvələri ilə toqquşmada daha yeddi “silahlı oğrunun” öldürüldüyünü açıqlamışdı.
Bununla yanaşı, yerli mənbələr və müstəqil media hər iki hadisədə öldürülənlərin gənc həzarə və şiələr olduğunu bildiriblər.
Məlumata görə, dörd gənc Kabulun qərbində yerləşən Dəşti-Bərçi ərazisində Taliban qüvvələrinin açdığı atəş nəticəsində öldürülüb və daha sonra “oğru” kimi təqdim olunub.
Digər yeddi nəfərin ailələri isə onların mülki şəxslər olduğunu, üzərlərində silah olmadığını bildiriblər. Bəzi hallarda atışmadan sonra iki nəfərin bıçaqla boğazının kəsildiyi də iddia olunur.
BMT-nin xüsusi məruzəçisi Riçard Bennet X sosial şəbəkəsində yaydığı açıqlamada Kabulun müxtəlif təhlükəsizlik dairələrində dörd və daha əvvəl yeddi nəfərin öldürülməsi ilə bağlı “ciddi narahatlıqların” olduğunu bildirib.
O, ölümcül gücdən istifadənin beynəlxalq insan hüquqları normalarına uyğun həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Taliban isə bu hadisələrlə bağlı əvvəlki mövqeyini dəyişməyərək öldürülən şəxslərin silahlı oğrular olduğunu bildirib.
BMT nümayəndəsi dini azlıqlara qarşı zorakılıq hallarının təkrarlanması ilə bağlı narahatlığını ifadə edərək, şəffaf araşdırma və məsuliyyətin təmin edilməsinin vacibliyini vurğulayıb. :::
Sizin rəyiniz