27 dekabr 2012 - 20:30

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün İran İslam respublikasının Bakıya yeni təyin olunmuş səfiri Möhsün Pakayin ilə görüşüb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən nazir yeni təyinat və qarşıdan gələn əlamətdar bayramlar münasibətilə onu təbrik edib, ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Nazir müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın təcavüzü nəticəsində ərazi bütövlüyümüzün pozulması, torpaqlarımızın işğalı, cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, qəbul edilmiş yeni qanunlar barədə məlumat verib, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilmiş nəticələrdən danışıb. Qeyd olunub ki, kriminogen durumun tam nəzarətə götürülməsi, sabitliyin bərpası ölkəmizdəki əcnəbilərin, o cümlədən İİR vətəndaşlarının da təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə, külli miqdarda xarici sərmayənin Azərbaycan iqtisadiyyatına qoyulmasına əlverişli şərait yaradıb.

Müstəqilliyimizi ilk tanıyan ölkələrdən birinin bu qonşu dövlət olduğunu xatırladan daxili işlər naziri İİR-Azərbaycan münasibətlərinin qurulmasına böyük önəm verdiyini, qədim tarixə və mədəniyyətə malik xalqlarımız arasında bütün sahələrdə münasibətlərin daha da genişləndiyini diqqətə çatdırıb.

Qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı mübarizənin aktuallığını nəzərə çatdıran Ramil Usubov əməkdaşlığın böyük imkanlara malik olduğunu, yeni istiqamətlərin müəyyənləşdirilməsinin və birgə səylərin zəruriliyini qeyd edib.

Möhsün Pakayin səmimi qəbula və ətraflı məlumata görə nazirə minnətdarlığını bildirib, dövlətlərimizin müvafiq strukturları arasında əlaqələrin daha da genişləndirilməsinə çalışacağını vurğulayıb. Səfir təmsil etdiyi ölkənin daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın dəvətini bir daha general-polkovnik Ramil Usubovun diqqətinə çatdırıb.

İşgüzarlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır