Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Avqustun 7-də Sabunçu polisi tərəfindən saxlanılan Zabrat sakini Hacı Mehdi Şamillinin vəkili ilə görüşünə nəhayət ki, icazə verilib. Çərşənbə axşamı səhər saatlarında Cavad Cavadov Kürdəxanı təcridxanasında Hacı Mehdi ilə görüşüb. Bu barədə onun vəkili məlumat verib.
C.Cavadovun sözlərinə görə, Hacı Mehdi ona qarşı irəli sürülən ittihamları rədd edir. Vəkil bildirdi ki, saxlanılarkən M.Şamilli işgəncəyə məruz qalıb, polisdə onu döyüblər: “Həbs olunduqdan sonra Hacı Mehdinin üzərindən narkotik vasitə çıxdığı rəsmiləşdirlib. Amma bu rəsmiləşdirməyə qədər özünün dediyinə görə, onu 3 gün döyüblər. Sadəcə olaraq aradan uzun zaman keçdiyi üçün döyülmə izləri qalmayıb. Bəzi kiçik qızartılar qalıb”.
Vəkilin sözlərinə görə, ötən gün Ombudsman aparatının əməkdaşları Kürdəxanı təcridxanasında Hacı Mehdi ilə görüşüblər. C.Cavadov deyir ki, hazırda barəsində elan olunmuş saxta ittihamlara etiraz olaraq M.Şamilli istintaqa ifadə verməkdən imtina edib: “Özünü təqsirli bimir, qətiyyən. Tutulduqdan sonra 3 gün aclıq aksiyası keçirib, ancaq sonradan aclığı dayandırıb. Etiraz əlaməti olaraq ifadə verməkdən imtina edib. Həbsini sifarişli hesab edir. Eyni zamanda onun evində polis qanunsuz axtarış aparıb, məhkəmə qərarı olmadan. Evdən bəzi əhəmiyyətsiz şeylər götürülüb”.
Vəkil deyir ki, istintaq Hacı Mehdini xarici ölkələrdən birinə casusluqda ittiham etməyə hazırlaşır. Eyni zamanda o bildirdi ki, müdafiə tərəfi saxlanılma zamanı baş verən qanun pozuntuları ilə bağlı məhkəməyə müraciət hazırlayır: “Döyülmə faktları ilə bağlı məhkəməyə müraciət edəcəm, eyni zamanda Hacı Mehdinin üzərindən götürüldüyü iddia olunan narkotikin ekspertizasını tələb edəcəyik. Həbs olunduqdan sonra Hacı Mehdi 15-ci polis bölməsində, daha sonra isə Sabunçu Polis İdarəsində saxlanılıb. İdarədə saxlanıldığı müddətdə ona iki dəfə təcili yardım çağırılıb. Bütün bunlar ona qarşı fiziki və psixoloji təzyiqlərin olduğunu göstərir”.
Qeyd edək ki, M.Şamillinin qardaşı Kamran bizimlə söhbətində bildirdi ki, ötən gün Ombudsman Aparatının əməkdaşı Hacı Mehdi ilə görüşdən sonra onunla telefonla danışıb: “Ombudsman Aparatının əməkdaşı zəng elədi, dedi ki, Mehdi Şamilli sənin telefon nömrəni verdi, dedi ki, sizə çatdırım ki, səhhətim yaxşıdır”. Kamran Şamilli bildirdi ki, qardaşı ona olan təzyiq və işgəncələrə etiraz olaraq vətəndaşlıqdan imtina etməyə hazırlaşır.
Xatırladaq ki, Hacı Mehdi Şamilli avqustun 7-də Zabrat qəsəbəsindəki evində həbs olunub. Hacı Mehdi Şamilliyə qarşı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb. Həbs olunan gün polis onun yaşadığı evdə axtarış aparsa da, ailə üzvlərinin dediyinə görə, heç nə tapılmayıb. Yalnız polis idarəsində elan olunub ki, M.Şamillinin üzərində aparılan axtarış zamanı 6,69 qram marixuana aşkar edilib. Sabunçu Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Hazırda Kürdəxanı təcridxanasında saxlanılan Hacı Mehdinin aclıq etdiyi bildirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır