Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən “QMİ sədri Hacı Allahşükür Paşazadə qurumun Qazilər Şurasının toplantısında çıxış edərkən söyləyib: Məscidlərdə oxunması üçün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən xüsusi xütbələr hazırlanır”.
Paşazadə həmçinin bildirib ki, məscidlərdə moizələr də xütbələrə uyğun olmalıdır. Onun sözlərinə görə, din xadimləri bununla bağlı hər ay hesabat verəcəklər. Amma xüsusi xütbələr ölkədə fəaliyyət göstərən dini qurumlar və icmalar tərəfindən heç də birmənalı qarşılanmır.
Məsələ ilə bağlı fikirlərini bildirən ilahiyyatçı Hacı Rizvan Yusifzadə hesab edir ki, hazır xütbələr xətibin azadlığını əlindən almaqla, bir sıra fəsadlar törədir: “Xütbə ruhani alimlər tərəfindən oxunar. Çünki alimin özü yolgöstərəndir. O, boynuna hansı məsuliyyətin düşdüyünü yaxşı bilir. Ruhani alimin xütbəsi də gözəl olur. Ona xütbə yazıb vermək lazım deyil. Ruhani heç vaxt ixtilaflı söz danışmaz, müsəlmanları parçalamağa, onlar arasında ayrı-seçkilik salmağa çalışmaz. Əksinə, insanları birliyə dəvət edər. Hazır mətn əsasında xütbə oxumaq yanlış fikirdir. Xüsusən də Cümə xütbəsi. Cümə xütbəsində dini, ictimai məsələlər var. Cümə namazını qılan xətib ictimai-siyasi xütbələrə toxunmalıdır. Əgər toxunmasa, onun namazının özündə işqal var”.
Hacı Rizvanın sözlərinə görə, xütbə hazır mətnlər əsasında oxunursa, onda belə çıxır ki, xətib ölkəsinin ictimai-siyasi həyatında baş verən hadisələrə toxunmamalı, yaxud kimlərinsə istəyinə uyğun təhrif etməli, yaxşı-pis, hər şeyi tərifləməlidir. Bu halda isə həmin xütbənin, namazın mütləq işqalı olur: “Ona görə xətibin özü də, fikri də azad olmalı, Allah-Təalanın, Peyğəmbərin (s), imamların buyurduqlarına uyğun gəlməlidir. Məsələn, ola bilər, hazır mətndə narkotikanın, alkoqolizmin, qumarın zərəri barədə heç nə yazılmasın. Yaxud xətib müsəlman məmləkətinin sərvətlərinin özündə qalmalı olduğunu çatdırmaq istəyir, amma bu barədə mətndə heç nə yazılmayıb. Əgər xətib bunlara toxunmursa, deməli, azad deyil. Xətib azad şəkildə Allahın hökmlərini çatdırmalı, ona təzyiq göstərilməməlidir”.
Hacı Rizvanın qənaətinə görə, hazır xütbələrdən məqsəd İslam həqiqətlərinin çatdırılmasının qarşısını almaqdır: “Çünki azad xətib minbərə çıxıb deyə bilər ki, Quran hicabı vacib buyurub. Ona görə bu və digər məsələlərə məhdudiyyət qoymağa çalışırlar. Və bununla dünyaya göstərmək istəyirlər ki, Azərbaycanda mübariz İslamçılar yox, mollalar və necə deyərlər, sözəbaxan xətiblər var”.
Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin (DEVAMM) sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu da hazır mətn əsasında xütbə oxunmasının həm ölkə Konstitusiyasına, həm də dini etiqad və vicdan azadlığına zidd olduğunu bildirdi. Və dedi ki, hər bir ruhani alimin duyğuları, mənəvi özünümüdafiəsi əslində onun xütbəsidir: “Belə məsələlərdə dünyada qəbul olunmuş standartlar var. İstər müsəlman, istərsə də xristian ruhaniləri moizə edərkən, xütbə oxuyarkən tam sərbəst olmalıdırlar. Hazır mətnlər birbaşa dini etiqad və vicdan azadlığınının məhdudlaşdırılması baxımından çox zərərlidir. Ümumilikdə İslam və inanc baxımından da qətiyyən yolverilməzdir”.
Sözügedən məsələdə hansısa kənar praktikanın əsas gətirildiyini bildirən Hacı İlqar dedi ki, bu, Türkiyənin Dəyanət Vəqfindən gələn yanlış təcrübələrin kopiyasıdır: “Amma hazırda Türkiyənin özü dinə münasibətdə belə bataqlıqdan can qurtarmağa çalışır. Bizdə isə görünür, bunu yaşatmaq istəyənlər var”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır