Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Təbrizin «Ayətullah Taliqani» məscidində «Xomeyniçilər Azərbaycan Respublikasında» adlı tədbir keçirilib
Təbriz şəhərinin dini müəssisələrində Iranın ruhani rəhbərliyinin təlimatlarına uyğun olaraq, Azərbaycan hakimiyyəti əleyhinə tədbirlər davam etdirilir. Iran KIV-lərinin məlumatına görə, Şərqi Azərbaycan Islam Inqilabı Mədəni Tədqiqatlar Cəbhəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında islamçılıqla tanışlıq” mövzusunda silsilə yığıncaqlara start verilib.
“Xomeyniçilər Azərbaycan Respublikasında” adlı birinci belə tədbir Təbrizin “Ayətullah Taliqani” məscidində keçirilib. Yığıncaqda ekspert Mehdi Nəlbəndi Azərbaycan tarixində Islam və şiəliyin rolu mövzusunda çıxış edərək, Azərbaycanda şiəliyin güclü olmasında Islam inqilabının və Iranın keçmiş dini lideri Ayətullah Xomeyninin roluna diqqəti yönəldib.
Yığıncaqda əsas çıxışçı “Aran” Beynəlxalq Mədəniyyət və Tədqiqat Institutunun direktoru, “Aran” jurnalının redaktoru Həsən Qulu nitqində Azərbaycanın dövlət quruluşunu və müstəqilliyi təhdid edən fikirlər söyləyib. Azərbaycanı ABŞ və Israillə əməkdaşlıqda, vəhhabiliyi və sionizmi inkişaf etdirməkdə ittiham edən H.Qulu Azərbaycanda anti-Islam və anti-Iran təbliğatının sürətləndiyini də narahatlıq kimi qələmə verib:"Islami oyanış Azərbaycanda nə vaxt başlayacaq? Azərbaycan Respublikası ölkəmizə ən yaxın Islam ölkəsi olduğu halda bu oyanışdan niyə bəhrələnə bilməyib? Bu kimi çoxlu sualların həllini tapmamasına səbəb Azərbaycanda camaat və ictimai-siyasi fəalların arasında lazımınca təbliğatın aparılmamasıdır. Azərbaycanın Irandan ayrıldığı iki əsr boyunca bu ölkədə anti-Iran və anti-Islam kimi iki proqram yaradılaraq, həyata keçirilib. Sovet Ittifaqı zamanı Azərbaycanda coğrafi yerlərin adları dəyişdirilib, Quran əlifbası rus və latın əlifbası ilə əvəzlənib, dil deformasiyaya uğradılıb, anti-Iran və anti-Islam məzmunlu filmlər çəkilib, Islam və Iranı təhqir edən şeirlər yazılıb, tarix saxtalaşdırılıb, kommunistlərin dövründə isə alim və dindarlar öldürülüb, həmçinin Quran oxumağa qadağalar qoyulub. Azərbaycanın müstəqillik dövründə də yenə bu iki proqram davam edir və bunun bəzi nümunələrini Azərbaycanın Iran əleyhinə olan mediasının təhlillərində görmək olar”.
H.Qulu bu xalqın mədəniyyətinin hələ də Iran mədəniyyətindən tam ayrılmadığını da qeyd edib. O, Azərbaycan Islam Partiyasının rəhbərlərinin həbsinə də etiraz edib və təklif edib ki, Iran əhalisi, o cümlədən təbrizlilər azərbaycanlı islamçılara mənəvi dəstək verməlidirlər(APA).
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır