1 noyabr 2026 - 18:54
Source: IRNA
MI6 düşmən qrupu, İngiltərənin Hərbi Dəniz və Hərbi Hava Qüvvələri isə terror təşkilatı elan edildi

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi İngiltərə hökumətinin, o cümlədən İranla ABŞ-İsrail müharibəsində iştirak etməsi və İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) bu ölkənin Dövlət Təhdidləri haqqında Qanununun əhatəsinə daxil etməsi kimi düşmənçilik xarakterli addımlarına cavab olaraq, İngiltərənin kəşfiyyat və hərbi qurumlarına qarşı qarşılıqlı tədbirlər gördüyünü açıqlayıb.

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyi İngiltərə hökumətinin BMT Nizamnaməsinin və beynəlxalq hüququn, xüsusilə milli suverenliyə hörmət və digər ölkələrə qarşı qanunsuz tədbirlərin görülməsinin qadağan edilməsi prinsiplərinə zidd olan anti-İran siyasətini və fəaliyyətini pisləyərək, İran İslam Respublikası hökumətinin İranın milli təhlükəsizliyini və maraqlarını qorumaq üçün zəruri tədbirlər görmək əzmində olduğunu vurğulayır.

Bu əsasda, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ölkənin Ali Milli Təhlükəsizlik Şurasının qərarına istinad edərək, İngiltərə hökumətinin son bir ildə İran İslam Respublikasına qarşı həyata keçirdiyi düşmənçilik xarakterli addımlara, o cümlədən İngiltərənin yurisdiksiyasına daxil olan ərazilərdə yerləşən hərbi və logistik bazalarını, eləcə də imkanlarını təqdim etməklə ABŞ-İsrailin İrana qarşı təcavüzkar müharibəsində iştirak etməsinə və həmin hökumətin 13 iyul 2026-cı il tarixində İslam İnqilabı Keşikçiləri Korpusunu 2026-cı il tarixli Dövlət Təhdidləri haqqında Qanunun əhatəsinə daxil etmək qərarına cavab olaraq aşağıdakıları bəyan edir:

A) Bu bəyanatın dərc edildiyi tarixdən (1 noyabr 2026-cı il) etibarən İngiltərənin Xarici Kəşfiyyat Xidməti (MI6) “Casusluq və İsrail rejimi, eləcə də milli təhlükəsizlik və maraqlara qarşı düşmən ölkələrlə əməkdaşlığa görə cəzaların sərtləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinin 2-ci qeydinin əhatəsinə daxil edilərək “düşmən qrup” hesab olunur və həmin qanunun bu İngiltərə qurumuna aid müddəaları tətbiq edilir.

B) Bu bəyanatın dərc edildiyi tarixdən (1 noyabr 2026-cı il) etibarən İngiltərənin Kral Hərbi Dəniz Qüvvələri (Royal Navy) və Kral Hərbi Hava Qüvvələri (Royal Air Force) “ABŞ tərəfindən İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı elan edilməsinə qarşı qarşılıqlı tədbirlər haqqında” Qanunun əhatəsinə daxil edilir və bu əsasda həmin iki qurum terror təşkilatları kimi tanınır.

Aydındır ki, bu tədbirlər beynəlxalq hüquq normalarına uyğun olaraq və qarşılıqlılıq prinsipi çərçivəsində qəbul edilib. Onların nəticələrinə görə məsuliyyət İngiltərə hökumətinin üzərinə düşəcək.

Sizin rəyiniz

You are replying to: .
captcha