Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Sumqayıta başçı gələndən sonra Eldar Əzizov yerli sahibkarlara qarşı əməlli-başlı «səlib yürüşünə» keçib. Belə ki, müxtəlif bəhanələr altında sahibkarlardan pul toplayan icra başçısı həm də bu işdə yerli MTN-nin gücündən də istifadə edir.
Bu şok məlumatı PİA.AZ-a verən Sumqayıt sahibkarlarından birinin sözlərinə görə, Eldar Əzizov o qədər qüdrətli fiqurdur ki, Sumqayıta MTN rəisini də özü təyin etdirib: «Onu özü ilə Gəncədən gətirib və bu gün onun gücü ilə sahibkarlara divan tutur».
Mənbə bildirir ki, hər bir sahibkardan 1000-3000 manat arası pul tələb edən Eldar Əzizov tələb olunan məbləği ödəməyən və yaxud da ödəmə imkanı olmayan sahibkarı Sumqayıtın xüsusi xidmət idarəsinin əlinə verir: «MTN işçilərindən sanki qoçu kimi istifadə olunur. Pulu verməyənlər MTN-çilər tərəfindən qanunsuz olaraq həbs olunaraq, yerli MTN-nin zirzəmisinə salınır».
Məlumatda o da qeyd olunur ki, Eldar Əzizovun İH başçısı postunda olduğu ilk günlərdə bu məsələ daha da intensivləşmişdi: «Son günlər mətbuatın müdaxiləsi onları müəyyən qədər ehtiyatlı olmağa sövq edib. Amma yenə də sahibkarların üzərində bir MTN xofu var».
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır