Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanın tarixində bir çox nailiyyətlərin saxtakarlıqla Heydər Əliyevin adı ilə bağlanması artıq adiləşib. YAP hakimiyyəti, hətta Əliyevin hakimiyyətə gəlişindən əvvəl baş verənləri də onun adına yazır. AXC hakimiyyəti dövründə, hətta ondan əvvəl atılan addımlar, məsələn, ilk dəfə Azərbaycanın üçrəngli bayrağının dalğalanması da “ulu öndərin” hesabına yazılıb. Şirvan şəhərində asılan bir plakat isə bütün əndazələri aşır.
Bu dəfə Heydər Əliyev Demokratik Azərbaycan Respublikasının banisi kimi təqdim olunub. Rəsmi sənədlərə görə, 1923-cü ildə anadan olan Heydər Əliyevin necə 1918-ci ildə qurulan ADR-nin banisi olduğu isə izah edilmir. Tarixi saxtalaşdırmağa adət edən YAP hakimiyyəti və onun yerlərdəki əlaltıları artıq hər kəsə bəlli olan faktları da həyasızcasına təhrif etməkdən çəkinmir. ADR-nin Əliyevin adı ilə bağlanmasını ictimaiyyət nümayəndələri də narazılıqla qarşılayır.
Yazıçı-publisist, Ictimai Palatanın üzvü Mehriban Vəzir bunu ironiya adlandırdı: “Yerli icra strukturları özlərinin yerini isti etmək üçün belə şeylər yazırlar. Nəticədə bu, bir ironiya olur. Rəsulzadə öz silahdaşları ilə birgə hürriyyətimizi qurdu. Milli Azadlıq Hərəkatı isə Rəsulzadənin təbirincə desək, Azərbaycan türklərinin ürəyinə yeridilmiş bayrağı yanıq ürəklərdən yenidən zirvələrə qaldırdı”.
M.Vəzirin sözlərinə görə, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən, demokratik istiqamatə əks addımlar atılmağa başlandı. Bütün bunlar beynəlxalq sənədlərdə öz əksini tapıb. Ona görə də uğur və nailiyyətlərin Əliyevin adı ilə bağlanması yalnız ironiyadır.
AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə, bu, artıq bütün əndazələri, normaları, çərçivələri aşmaq cəhdidir. Bu addımı atanlar məsuliyyətsizliklə yanaşı günaha da yol verib: “ADR-nin tarixini hər bir vətəndaş, eləcə də beynəlxalq aləmdə yaxşı bilirlər. Demokratik cümhuriyyətin ideoloji rəhbəri də, eyni zamanda Azərbaycana demokratik ab-havanı yaşadan insanların kimliyi də yaxşı məlumdur. Bu cür cəhdlərdə yalnız xoşagəlməz niyyət ola bilər”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır