18 iyul 2011 - 19:30

İctimai Palatanın üzvləri əhalini aksiyaya çağırdı. Bugünkü aksiyaya ciddi hazırlaşan IP neçə həftədir bütün resurslarını bu tədbirə hazırlığa sərf edib. IP-yə daxil olan partiyaların fəalları ilə yanaşı xeyli sayda bitərəf vətəndaşlarla çoxlu görüşlər keçirilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Ictimai Palata saat 17-də “Nərimanov” kinoteatrının qarşısında aksiya keçirmək niyyətindədir. Bakı Şəhər Icra Hakimiyyəti Konstitusiyanı və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu kobud şəkildə pozaraq mitinqlə bağlı müraciətə mənfi cavab verdikdən sonra IP Koordinasiya Şurası məhz bu məkanı dinc mitinqin keçirilməsi üçün seçib.

Bugünkü aksiyaya ciddi hazırlaşan IP neçə həftədir bütün resurslarını bu tədbirə hazırlığa sərf edib. IP-yə daxil olan partiyaların fəalları ilə yanaşı xeyli sayda bitərəf vətəndaşlarla çoxlu görüşlər keçirilib.

 

Nurəddin Məmmədli: “19 iyun aksiyası qarşısına qoyduğu məqsədlərə çatacaq”

AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə, hazırlıq prosesinin gedişinə və ortada olan nəticələrə əsasən əminliklə söyləmək olar ki, 19 iyun aksiyası qarşısına qoyduğu məqsədlərə çatacaq. Aksiyanın günü məlum olandan AXCP-nin hazırlıq prosesinə start verdiyini deyən N.Məmmədli əlavə etdi ki, IP üzvü olan digər təşkilatlar, qurumlar da ötən müddət ərzində mitinqə hazırlığı bir nömrəli məsələ elan etmişdilər: “Bu aksiya insanların ölkədəki duruma etirazının təzahürüdür. Ictimai Palatanın növbəti mitinqi bir daha hakimiyyətin mahiyyətini çılpaqlığı ilə ortaya qoyacaq. Göstərəcək ki, hakimiyyət aksiyaya icazə verməmək və digər addımları ilə cəmiyyətdə qarşıdurmanın yaranmasında maraqlıdır. Hələ də ölkədə insanların siyasi hüquqları pozulur və onlara qarşı böyük zorakılıq var. Amma hakimiyyətin bütün zorakı addımlarına baxmayaraq, biz dinc mübarizəmizi davam etdirmək niyyətindəyik”.

 

Hüseyn Məlikov: “Bugünkü aksiya da izdihamlılığı ilə yadda qalan olacaq”

Müsavat Partiyasının Səbael rayon təşkilatının sədri, IP üzvü Hüseyn Məlikovun da fikrincə, IP-nin növbəti aksiyası da izdihamlılığı ilə yaddaqalan olacaq. Partiyada aksiya ilə bağlı əhval-ruhiyyənin yüksək olduğunu deyən H.Məlikov vurğuladı ki, partiya üzvləri ilə yanaşı sıravi vətəndaşlarla görüşlər göstərir ki, cəmiyyətdə hazırkı idarəçilikdən böyük narazılıq var: “Hakimiyyət təmsilçiləri, hüquq-mühafizə orqanlarının təmsilçiləri aksiyaqabağı müxtəlif bəyanatlar verməklə mitinqin izdihamlılığına təsir edəcəklərini düşünürlər. Amma onlar yanılırlar. Budəfəki aksiya həm sayına, həm də coşqusuna görə əvvəlkiləri geridə qoyacaq. Aksiya bir daha göstərəcək ki, toplumun böyük əksəriyyəti bu iqtidarın yürütdüyü siyasəti bəyənmir və ciddi islahatlar tələb edir”.

Ənvər Əliyev: “Əminəm ki, Ictimai Palatanın aksiyaları artan xətlə gedərək böyük ictimai hərəkata çevriləcək”

IP üzvü, Milli Azadlıq hərəkatının öncüllərindən Ənvər Əliyevin də fikrincə, təmsil olunduğu təşkilatın siyasi mühitə canlanma gətirən aksiyalarla çıxış etməsi alqışlanandır. Azərbaycanın hazırkı durumunda haqq uğrunda mübarizə aparmağın zəruri olduğunu deyən Ə.Əliyev bildirdi ki, hazırda dünyada baş verənləri diqqətlə izləmək lazımdır: “Ictimai qınaq, ictimai təpki bütün dünyada ən uğurlu mübarizə formasıdır. Hazırda dünyada baş verənlər də göstərir ki, bu cür mübarizə yolunu seçənlər sonda uğur qazanırlar. Əminəm ki, Azərbaycanda da Ictimai Palatanın təşübbüsü ilə keçirilən etiraz aksiyaları artan xətlə gedərək sonda böyük bir ictimai hərəkata çevriləcək”.

 

Almaz Əliqızı: “Öz haqqımız, hüquqlarımız uğrunda mübarizəyə çıxacağıq”

IP üzvü Almaz Əliqızı da hesab edir ki, real müxalifət qüvvələrinin cəmləşdiyi Ictimai Palatanın aksiya qərarı verməsi günümüzün reallığına uyğundur: “Ictimai Palatanın demokratik islahatlar tələbi ilə aksiya keçirməsinə çox normal baxıram. Bu, hazırda bütün dünyanın tələbidir. Ətrafımızda baş verən hadisələr dünyada yeni proseslərin getdiyini göstərir. Və bir çox ölkələr özlərini demokratik görmək istəyirlər. Iyunun 19-da da biz öz haqqımız, hüquqlarımız uğrunda mübarizəyə çıxacağıq. Sərbəst toplaşmaq hüququ hər bir vətəndaşın qanuni haqqıdır və onun məhdudlaşdırılması yolverilməzdir”.

 

Kəmalə Xəlilova: “IP-nin mübarizəsi Azərbaycana şərəf gətirən yoldur”

IP üzvü Kəmalə Xəlilova da bildirdi ki, hazırda aparılan mübarizə və tutulan yol Azərbaycana şərəf gətirən yoldur. IP-nin Azərbaycanın haqq səsi üçün mübarizəyə qalxdığını deyən K.Xəlilova vurğuladı ki, hazırkı dönəmdə dövlətin üzərinə düşən vəzifə xalqın tələb etdiyi islahatları aparmaqdır: “Mən şəxsən aksiyada iştirak edəcəm. Bizim tələbimiz dünyada baş verənlərə uyğun olaraq Azərbaycanda da demokratik islahatlara start verilməsidir. Amma hələlik bu istiqamətdə heç bir addım atılmır. Bəzən hakimiyyət təmsilçiləri Ictimai Palatanın aksiyalarının baş tutmadığı arqumenti ilə çıxış edirlər. Amma onlar unudurlar ki, əgər aksiyalar həqiqətən də baş tutmasaydı, hökumət əhalinin kommunal xərclərini aşağı salmaz, bir sıra güzəştlər elan etməzdi. Azərbaycan sosial partlayış ərəfəsindədir. Dəyişikliklər qaçılmazdır”.

K.Xəlilovanın sözlərinə görə, budəfəki aksiyanın əsas tələblərindən biri də həbsdə olan siyasi məhbusların azadlığa buraxılmasıdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır