3 may 2011 - 19:30

Mayın 3-də Nəsimi Rayon Məhkəməsində Nemət Pənahlının və dostu Ceyhun Fərzullayevin işi üzrə məhkəmə baxışı başlayıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Nemət Pənahlının vəkili Samir İsayev deyib ki, prosesdə zərərçəkən Eldəniz Rzayev, ittiham tərəfinin şahidləri Rəşad Hüsənov və Raqif Cəbrayılov ifadə veriblər: “Zərərçəkən Eldəniz Rzayev ifadəsində bildirdi ki, Nemət Pənahlı ilə aralarında olan münaqişə avtomobil üstündə baş verib. Zərərçəkən dedi ki, Nemət Pənahlıdan avtomobil alıb, avtomobil isə xarab çıxıb. Məsələni aydınlaşdırmaq üçün Nemət Pənahlı ilə görüşüb. Görüş zamanı aralarında mübahisə olub, bir-birilərini sinələrindən itələyiblər, təhqir ediblər. Eldəniz Rzayev bildirdi ki, Nemət Pənahlıdan yeganə tələbi avtomobilin pulunu qaytarmasıdır. Əgər pul qaytarılsa, Nemət Pənahlıya qarşı heç bir iddiası, tələbi yoxdur”.

Vəkilin sözlərinə görə, şahidlər Rəşad Hüsənov və Raqif Cəbrayılov isə ifadələrində deyiblər ki, hadisə baş verən gün ərazidən keçirmişlər: “Şahidlər dedilər ki, iki nəfərin küçədə mübahisə etdiyini, bir-birini söydüyünü görüblər. Onların sözlərinə görə, həmin vaxt ərazidə başqa adam olmayıb. Eyni zamanda, şahidlər mübahisə edən insanların bir-birini vurduğunu, əlbəyaxa olduqlarını görmədiklərini, xuliqanlıq hadisəsinin şahidi olmadıqlarını dedilər. Şahidlər istintaqa da bu formada ifadə veriblər. Nemət Pənahlı da istintaqa ifadəsində deyib ki, Eldəniz Rzayev məni söyürdü, mən də onu sakitləşdirirdim. Nemət Pənahlı ilə şahidlərin ifadələri üst-üstə düşür”.

Vəkil bildirib ki, hakim Nemət Pənahlıya da ifadə verməyi təklif edib. Lakin o, ifadə verməkdən imtina edib: “Nemət Pənahlı dedi ki, bugünkü prosesdə jurnalistlər iştirak etmir. O, jurnalistlərin iştirakı ilə ifadə vermək istəyir. Hakim növbəti prosesi mayın 17-nə təyin etdi. Mayın 17-də Nemət Pənahlı ifadə verəcək”. 

Milli azadlıq hərəkatının liderlərindən olmuş Nemət Pənahlı dostu Ceyhun Fərzullayevlə yanvarın 8-də tutulub. Onlar Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) ittiham edilirlər. İttihamın əsasında vətəndaş Eldəniz Rzayevin şikayəti dayanır. Şikayətə görə, Nemət Pənahlı və Ceyhun Fərzullayev Bakının Mirəli Qaşqay küçəsində Eldəniz Rzayevi döyüb, ona yumruq və metal əşya ilə zərbə endiriblər. Nemət Pənahlı ilə Ceyhun Fərzullayevin müdafiəçiləri bu ittihamı qondarma sayır və onların siyasi sifariş nəticəsində tutulduqlarını iddia edirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır