Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bir müddət əvvəl işdən çıxarılan milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, general-mayor Əli Nağıyevlə bağlı yeni xəbərlər yayılıb. Həmin xəbərlərdə əsas məqam Ə.Nağıyevin yenidən yüksək vəzifə sahibi olmaq istəyi ilə bu istiqamətdə fəaliyyətə keçməsi ilə bağlıdır.
Ə.Nağıyev vəzifədən çıxarılanadək hakimiyyətdə yüksək vəzifə tutan şəxslər arasında ən güclülərdən biri sayılırdı. İndinin özündə də onun xeyli tərəfdarı və yaxınları müxtəlif vəzifələrdə çalışır. Cənab Nağıyev mərhum prezident Heydər Əliyevin ən çox etimad bəslədiyi xüsusi xidmət əməkdaşlarından olub. Bütün məlumat və əlamətlər onu göstərir ki, prezident İlham Əliyev də general Nağıyevə önəm verib. Əks halda, ciddi rəqabət və qarşıdurmalar şəraitində onun uzun müddət ölkənin ən yüksək vəzifələrində, önəmli postlarda mövqe tutması mümkünsüz olardı. Hətta son aylara qədər onun vəzifə piramidasında daha da yüksəldiləcəyi, nazirliklərdən birinin başına gətiriləcəyi barədə mötəbər məlumatlar da gəlməkdə idi.
Lakin bunların əksinə olaraq onu qəfildən işdən çıxardılar. Ə.Nağıyevin konkret niyə vurulması barədə rəsmi açıqlamalar olmasa da müəyyən dairələr tərəfindən mətbuata onun hakimiyyətin “kadr islahatları” çərçivəsində işdən kənarlaşdırıldığı barədə məlumatlar ötürüldü. Qeyd edək ki, proseslərin sonrakı gedişində bu versiya təsdiqlənmədi. Qəzetimizə o da məlum olub ki, işdən çıxarılmasından az sonra o, dövlət rəhbərliyi tərəfindən qəbul olunub, dinlənilib və normal ilgi görüb. Bu da onu göstərir ki, Ə.Nağıyevin qələmi qırılmayıb və hakimiyyət rəhbərliyi onun üzərindən xətt çəkməyib. Müxbirimizdə olan yeni məlumat da bu mülahizəni tam təsdiqləyir.
Onu da deyək ki, əslən Naxçıvandan olan Ə.Nağıyev peşəkar çekist kimi tanınsa da adı bir neçə dəfə qalmaqallı biznes məsələlərində hallanıb. Əgər onu bundan belə də “vurmaq” istəsələr, mütləq bu məsələlər qabardılacaq. Yada salaq ki, Ə.Nağıyev milli təhlükəsizlik nazirinin I müavini vəzifəsinə Eldar Mahmudov nazir təyin olunandan - 2004-cü ildən sonra yüksəlmişdi. Namiq Abbasovun dövründə isə o, MTN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsinə rəhbərlik edib. Gələn məlumatların təhlilindən aydın olur ki, onun nazir Mahmudovla münasibətləri son vaxtlar gərgin olub. İşin ən maraqlı tərəfi isə budur ki, onun sabiq nazir Namiq Abbasovla da münasibətləri yaxşı olmayıb.
Amma onun hər zaman hakimiyyətin ən üst qatlarından ciddi dəstəyi olub. Mənbəmiz deyir ki, məhz bu ciddi dayaqları, böyük kapitalı və yüksək peşəkarlıq qabiliyyətinin olması ona mübarizəni davam etdirmək üçün geniş imkanlar yaradır. Əldə etdiyimiz bilgilər göstərir ki, cənab Nağıyev bu imkanlarından maksimum istifadə etmək qərarındadır. Gələn xəbərlərə görə, yaxın zamanlarda Ə.Nağıyev yenidən hakim komandaya qaytarılacaq. Ona sahəsi üzrə yüksək postlardan biri verilə bilər. Hazırda əlimizdə olan bilgilər onu deməyə əsas verir ki, yaxın zamanlarda ölkənin hərbi rəhbərliyində ciddi dəyişikliklər gözlənilir. Məhz bu dəyişikliklər fonunda da Ə.Nağıyev vəzifəyə gətirilə bilər.
Qaynağımız iddia edir ki, müdafiə naziri Səfər Əbiyev tezliklə postundan götürüləcək. Xəbərin mabədi bu mövzu ilə bağlı qəzetlərin yazdıqları ilə üst-üstə düşür. Belə ki, xəbərdə iddia olunur ki, yaxın vaxtlarda prezidentin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyev müdafiə naziri postuna gətiriləcək. Diqqətli oxucularımız xatırlayırsa, bu barədə ötən ay qəzetlər manşet xəbərləri veriblər.
Qaynağımız deyir ki, V.Əliyevin boşalacaq postuna da Ə.Nağıyevin gətirilməsi gözlənilir: “Əli Nağıyevin özü də bu posta təyin olunmağı çox istəyir və bu istiqamətdə bütün gücü ilə çalışır”...

Prosesin maraqlı cəhəti budur ki, bu məsələyə həm administrasiya rəhbəri Ramiz Mehdiyev, həm də hakimiyyətdə kifayət qədər ciddi söz sahibi olan general Bəylər Əyyubov isti baxır. Lakin təbii ki, əsas və son söz prezidentin olacaq. Onun qərarı uzun illərdir hakimiyyətə qulluq göstərmiş 3 generalın - Əliyevin, Əbiyevin və Nağıyevin taleyini müəyyənləşdirəcək. İstənilən halda yaxın zamanlarda bu hakimiyyətin generallarından birinin qələmi tam və birmənalı olaraq qırılacaq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır