Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünən saat 21.30 radələrində Bibiheybət sanatoriyasının yanındakı “Bülbül” restoranında partlayış baş verib. Partlayış zamanı iki nəfər ağır yaralanıb, tələfat yoxdur. Xoşbəxtlikdən, partlayış baş verən zaman restoranda adam az olub.
Hadisə yerində olan yanğınsöndürənlər partlayışın qazdan törəndiyi versiyasını irəli sürüblər. Amma orada olan əməkdaşlarımız hadisənin qazdan törənmə ehtimalının çox az olduğunu söyləyirlər. Elə hadisə yerində əməkdaşlarımızla söhbət edən “Azəriqaz” qəza xidmətinin işçiləri də qazdan partlama ehtimalına şübhə olə yanaşdıqlarını söyləyirdilər. Bu şübhəni gücləndirən fakt da ortalıqda idi. Yanğınsöndürənlərin sürüyüb bir kənara qoyduqları iki qaz balonunun ikisi də salamat idi.
Gecə saat 11 radələrində hadisə yerində yalnız Azəriqaz qəza xidmətinin əməkdaşları və ətrafda yaşayan evlərin maraq üçün tamaşaya gəlmiş sakinləri vardı. Yanğınsöndürənlər işlərini görüb getmişdilər, istintaq və ya ekspertiza üçün isə kimsə yox idi. Amma ətrafda yaşayan adamlar güclü partlayış səsi eşidib gəldiklərini söyləyirdilər. Kafedə isə yalnız giriş lövhəsi salamat qalmışdı, desək, yanılmarıq. Qalan hissələr partlayışdan və yanğınsöndürənlərin müdaxiləsindən sonra darmadağın olmuşdu.
Maraqlıdır, ölkədə bir-birinin ardınca partlayışlar baş verir. Amma bunlar barədə ya üstüörtülü danışır, ya hadisələri başqa səbəblərlə izah edir, ya da tamamilə gizlətməyə çalışırlar. Bu isə anlaşılmazlıq yaradır.
İki həftə əvvəl ABŞ Dövlət Departamenti Azərbaycanda terror təhlükəsi ilə bağlı bəyanat verərərk öz vətəndaşlarını uyardı (MKİ). Bundan bir neçə gün sonra Böyük Britaniya da oxşar bəyanat verir (M-16). Bu bəyanatların ardınca Masallıda Rabitə qovşağı partlayır. Avropadan Asiyaya rabitə kanalının keçdiyi strateji xətt sıradan çıxır. Bundan sonra İsrail Azərbaycanda səfirliyini bağlayır və faktiki olaraq ABŞ və Böyük Britaniyanın bəyanatlarını təkrar edir (Mossad). Amma bundan sonra Rabitə Nazirliyində baş vermiş yanğını gizlətməyə çalışırlar. Əldə olan xəbərlərə görə Nazirliyin bir mərtəbəsi yanğından ciddi zərər çəkib. Bu hadisələrin fonunda parlamentin bu cür məsələlər üzrə ekspert millət vəkili Aydın Mirzəzadə bildirir ki, “ABŞ Dövlət Departamentinə düzgün məlumat verməyiblər”. Milli Təhlükəsizlik Nazirliyi isə “əməliyyat şəraitinə nəzarət olunduğu” barədə məlumat yayır.
Hələlik, Bibiheybət partlayışı sonuncudur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır