Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, NATO-nun sabiq baş katibi Yens Stoltenberq - «Mənim rəhbərlik dövrüm: Müharibə zamanı NATO-nun idarəçiliyi» - xatirələr kitabında yazır ki, 2023-cü ilin iyununda NATO zirvəsi zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin bəzi çıxışları ABŞ Prezidentini qəzəbləndirib.
Stoltenberqin sözlərinə görə, Zelenski zirvə öncəsi ölkəsinin NATO-ya üzvlük perspektivi ilə bağlı sənədin yekun layihəsinə açıq və konkret ifadələrin daxil edilməsini tələb edib ki, bu da Co Baydenin narazılığına səbəb olub.
Stoltenberq qeyd edib ki, qərarın layihəsində yazılmışdı ki, NATO üzv ölkələri razılığa gəldikdə və zəruri şərtlər təmin edildikdə Ukrayna alyansa dəvət olunacaq; bu məqamlar öncədən Ukrayna tərəfi ilə razılaşdırılmışdı. Lakin Zelenski Litvanın paytaxtı Vilnyusa gedərkən "X" hesabında NATO-nu sərt tənqid edən paylaşım edib.
O, NATO-nun Ukraynanın üzvlüyü üçün konkret vaxt cədvəli təqdim etməməsini gülünc adlandırıb və bu paylaşım sürətlə sosial mediada yayılıb.
Sabiq baş katib bildirib ki, amerikalılar bu davranışdan narazı qalıblar və hətta Ukraynaya dəstək hissəsinin qərardan çıxarılmasını düşünürlərmiş.
Stoltenberq əlavə edib ki, Bayden onun yanındakı böyük masada əyləşərkən əyilib deyib: Amerikada deyirlər ki, o, mənim əsəblərimi korlayır”.
O qeyd edib ki, NATO üçün yardımların həddini müəyyən etmək çətin idi və alyans Putinin qırmızı xəttini keçməkdən ehtiyatlanırdı.
Sizin rəyiniz