Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Qarabağın Azadlığı uğrunda gedən döyüşlərdə xeyli sayda Şiə ruhanisi və Hüseynçilər Şəhid olub və yaralanmışlar. Şəhid olan Şiə Ruhanilərindən biri də Qum Elmi Hövzəsinin Cameətul-Mustafa (s) Beynəlxalq İslam Elmləri Akademiyasının Təbriz filialının tələbəsi Höccətül İslam Maarif Səfərovdur.
Cəlilabad rayonundan olan Ruhani Maarif Səfərov hələ iyul ayında Tovuz istiqamətində mənfur düşmənin növbəti təxribatı zamanı könüllü olaraq xidmət etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdi. İkinci Qarabağ müharibəsində isə onun bu arzusu reallaşdı.
Qum Elmi Hövzəsinin Cameətul-Mustafa (s) Beynəlxalq İslam Elmləri Akademiyasının Təbriz filialının tələbəsi Ruhani Maarif Səfərov, Salare Şəhidan İmam Hüseynə (ə) iqtida edərək, döyüş zamanı bir çox rayonların işğaldan azad edilməsində birbaşa iştirak etmiş və qəhrəmanlıq göstərmişdir.
Şəhidin atası Mikayıl Səfərov övladı ilə bağlı danışarkən bildirib ki, Maarif Murov dağında xidmətdə olarkən General-mayor Polad Həşimov onun komandiri olub. Komandirinin şəhid olması xəbəri Maarifi çox sarsıtmışdı.
Mikayıl Səfərov həmçinin əlavə edib ki, Maarif müharibə zamanı öz əsgər yoldaşlarına şəhadətin necə şərəfli bir zirvə olduğunu və düşmən tapdağında olan torpaqların geri qaytarılmasının labüd olduğunu izah edib.
Maarifin anası Tamara xanım da oğlu ilə bağlı danışarkən bildirib ki, Maarif çox gülərüz, mehriban, dininə bağlı və vətənpərvər bir gənc olub.
Maarifin ailə üzvləri də onunla bağlı xatirələrindən danışıblar.
Maarifin döyüş yoldaşı qazi Gülverdi Bəbirov isə şəhidimizin döyüş zamanı göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışıb.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!