Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : SAHAR TV
bazar ertəsi

7 avqust 2023

09:11:00
1385385

Özünü güllələyən əsgərin durumu yaxşıdır

Qeyd edək ki, Azərbaycan Respublikasında hərbi qulluqçuların intiharı halları yüksək olaraq qalır. Belə ki, Cari ilin son 7 ayında 17 hərbi qulluqçunun intihar etdiyi qeyd olunur.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Ötən gün Salyanda yerləşən cəzaçəkmə müəssisəsində özünü güllələyən hərbi qulluqçunun vəziyyəti barədə məlumat yayılıb.

Penitensiar Xidmətin məlumatında deyilir ki, Mühafizə Alayının hərbi qulluqçusu əsgər Ülvi İlyas oğlu Şamxalovun xəstəxanada müalicəsi davam etdirilir. Həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, Azərbaycan Respublikasında hərbi qulluqçuların intiharı halları yüksək olaraq qalır. Belə ki, Cari ilin son 7 ayında 17 hərbi qulluqçunun intihar etdiyi qeyd olunur.

Bu barədə İyulun 30-da Xəzər Hərbi Tədqiqatlar İnstitutu Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ilə bağlı hesabatında deyilir. Hesabat 2023-cü ilin 7 ayını əhatə edir.

Sənəddə son 7 ayda ən azı 44 hərbçinin həyatını itirdiyi qeyd olunub:

“Onlardan 9 nəfəri Ermənistan ordusunun gülləsi və mina partlayışı nəticəsində həyatını itirib, 35 nəfəri isə qeyri-döyüş itkiləridir. 4 nəfər yol-nəqliyyat hadisələrindən və ya müxtəlif avtoqəzalardan, 8 nəfər müxtəlif xəstəliklərdən, 1 nəfər qeyri-nizamnamə hadisələrindən, 2 nəfər silahlı basqından, 1 nəfər ehtiyatsızlıqdan, 3 nəfər isə bədbəxt hadisədən vəfat edib”.

Hesabatda cari ildə 17 hərbi qulluqçunun intihar etdiyi qeyd olunub. Bildirilir ki, 7 ayda ölənlərin 28 nəfəri Müdafiə Nazirliyinin, 9-u Dövlət Sərhəd Xidmətinin (SQ), 3-ü Fövqəladə Hallar Nazirliyinin, 2-si Daxili Qoşunların, Strateji Obyektlərin Mühafizə İdarəsinin, Ədliyyə Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hərbiləşdirilmiş mühafizə idarəsinin hər birindən 1 nəfər həyatını itirib”.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda qeyri-döyüş itkilərinin sayı ciddi şəkildə artır:

“Xüsusilə xeyli sayda hərbi qulluqçunun intihar etməsi faktı strukturları təxirəsalmaz tədbirlər görməyə vadar etməlidir. Ümumilikdə monitorinqin aparıldığı 2003-cü ildən bu yana Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektoru ən azı 4.463 hərbi qulluqçusunu itirib ki, onlardan təxminən 3582 nəfəri döyüş itkisidir. 881 nəfərsə qeyri-döyüş itkiləridir”.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!