Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

6 avqust 2023

20:25:28
1385312

Azərbaycanda inflyasiya 12.7 faizə çatıb

Ermənistanda inflyasiya aşağı salınıb, Azərbaycanda isə vəziyyət ürəkaçan deyil.

Cənubi Qafqaz ölkələrinin statistika idarələrinə istinadən hazırlanan müqayisəyə görə, ilin ilk 6 ayı ərzində Azərbaycanda 12.7 faiz, Gürcüstanda 4.6 faiz, Ermənistanda 4.2 faiz inflyasiya qeydə alınıb. Beləliklə də Ermənistan inflyasiyanı cilovladığına görə bölgənin lider ölkəsi kimi qəbul olunur.

Hökumət nümayəndələri adətən inflyasiyanı xarici amillərlə, dünya bazarındakı qiymət artımı ilə əlaqələndirirlər. Bəs görəsən, niyə Azərbaycandakı inflyasiya səviyyəsi digər region ölkələrilə müqayisədə daha yüksəkdir?

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, Azərbaycanda inflyasiya səviyyəsinin Qafqaz ölkələri və Avropa Birliyi ölkələrilə müqayisədə çox olmasını şərtləndirən müxtəlif amillər var. Onun sözlərinə görə, bunlardan birincisi idxaldan asılılıqdır: “Çünki bir sıra məhsulların qiyməti dünya bazarında da artır və bu asılılıq xüsusilə də pandemiyadan sonrakı dövrdə nəqliyyat xərclərinin əhəmiyyətli səviyyədə qalxmasına səbəb oldu. Bu istiqamətdə fəaliyyət göstərən şirkətlərin inhisarçı mövqeləri qiymətlərin artması ilə nəticələndi. Beləliklə, dolayısı ilə Azərbaycana idxal olunan məhsulların maya dəyəri çox baha qiymətə çıxır və bu da inflyasiyanı artıran əsas amillərdən biridir.

İkinci səbəb- dövlət büdcəsinin xərcləmələridir. Büdcə xərcləmələri artır və bu artım da bazarda pul kütləsinin çoxalmasına və inflyasiyanın yüksəlməsinə səbəb olur.

İqtisadçı deyir ki, əsas amillərdən biri də quru sərhədlərinin bağlı olmasıdır.

Onun sözlərinə görə, xüsusilə Azərbaycanın sərhəd bölgələrində istehlakın böyük hissəsi qonşu ölkələrin hesabına olub: “Hansı ki, milyon yarımdan artıq Azərbaycan vətəndaşı bu bölgələrdə yaşayır. Onlar həm xırda ticarət üçün, həm aylıq istehlak üçün İran, Türkiyə, Rusiya, Gürcüstan kimi ölkələrlə işləyirdilər. Son üç ildə quru sərhədlərin bağlı olması həmin vətəndaşları bu imkandan məhrum edib”.

İyulun 11-də İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Əliyev ölkədəki inflyasiya rəqəmlərinin arzuolunan səviyyədə olmadığını etiraf edib.