Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahar TV
bazar

6 avqust 2023

17:00:00
1385191

Azərbaycan təkpartiyalı sistemə keçir?

Bu ana qədər yalnız bir partiya qeydiyyata alınıb

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Azərbaycan Respublikasında siyasi partiyaların qeydiyyat məsələsi böhrana çevrilir.

Müxalifətin əsas partiyaları sayılan AXCP və Müsavatı buraxılmaq təhlükəsilə üz-üzə qoyan Ədliyyə Nazirliyi hakimiyyətin müttəfiqlərini belə sıradan çıxarmaq niyyətindədir, məqsəd isə ölkənin təkpatiyalı sistemə keçməsidir.

Bununla əlaqədər nazirlik Vətəndaş Həmrəyliyi Partiyasının (VHP), Milli Cəbhə Partiyasının (MCP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) və faktiki olaraq çoxdandır iqtidara sığınmış Böyük Quruluş Partiyasının üzvlərinin sayı ilə bağlı təqdim etdiyi müraciətə baxaraq onlara mənfi cavab verib.

İndiyə qədər 27 siyasi partiya öz üzvlərinin siyahısını nazirliyə təqdim edib. Ədliyyə Nazirliyi indiyə qədər AXCP, Müsavat, REAL, Ümid, AĞ, Ədalət partiyalarına mənfi cavab verib. Yalnız hakim Yeni Azərbaycan Partiyası müsbət cavab alıb.

Qeyd edək ki, nöqsanlar aşkar olunmuş partiyalara çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.

Müsavat başqanı Turan Xəbər Agentliyi ilə müsahibədə “Siyasi partiyalar haqqında” qanuna dəyişiklikləri mürtəce təşəbbüs adlandırıb.

Son bir neçə ayda Azərbaycanda 30-dan çox partiya özünü buraxıb. Daxil olan məlumata görə, partiyaların çoxu özündən xəbərsiz, Prezident Administrasiyası tərəfindən buraxılır və həmin partiyaların rəhbərləri bu haqda hökumətə yaxın media orqanlarında çıxan xəbərlərdən öyrənirlər.

2022-ci ilin dekabrında Milli Məclis “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib. Daxili və xarici etirazlara rəğmən, İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.

Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur. 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!