Ölkədə ən böyük siyasi təşkilatlarından hesab olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası Ədliyyə Nazirliyi tərəfindən mənfi cavab alıb.
Nazirlik “Siyasi partiyalar haqqında” Qanunun 30.2 maddəsinə əsaslanaraq reyestrdə aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün partiyaya 30 gün vaxt verib.
AXCP sədri Əli Kərimli Ədliyyə Nazirliyinin məktubuna reaksiyada bildirib: “Ədliyyə nazirliyinin məktubunda göstərilmiş “çatışmazlıqlar” da – guya 119 nəfərin başqa partiyaların üzvü olması, 59 şəxs barədə məlumatların təkrarlandığı, 609 nəfərin AXCP üzvü olmadıqlarını bildirməsi və digər iradlar da qətiyyən inandırıcı deyil və siyasi mülahizələrlə tərtib olunub”.
O, hakimiyyəti real müxalifəti məhv etməyə, təkpartiyalı sistem yaratmağa cəhd etməkdə günahlandırıb.
Bir gün əvvəl Müsavat Partiyası da Ədliyyə Nazirliyindən imtina cavabı alıb. Ancaq hakim Yeni Azərbaycan Partiyası reyestrdən keçirilib.
İki gün əvvəl isə REAL Partiyasına da 30 gün vaxt verildiyi haqda məktub göndərilmişdi.
2022-ci ilin dekabrında Milli Məclisin “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.
Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.
Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.
2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatdaydı və onların yalnız bir-ikisi müxalifət düşərgəsinə aid idi. Görünən budur ki, islamçı qüvvələri və onların İslam Partiyası və Müsəlman Birliyi Hərəkatı kimi təşkilatlarını şərləmə üsulu ilə sıradan çıxaran hakimiyyət hazırda əsas müxalifət partiyalarını hədəf seçib və bunun üçün əlbəttə “hüquqi baza” da hazırlayıbdır.
Beləliklə də yaxın gələcəkdə Azərbaycan Cənubi Qafqazın ən qapalı ölkəsinə çevrilə bilər.