20 iyul 2023 - 21:59
Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır

“Fasilədən sonra Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı danışıqları davam etdirməyin vaxtı gəlib çatıb”. Aran radiosu Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada avstriyalı həmkarı Aleksandr Şallenberqlə keçirdiyi brifinqdə deyib.

Türkiyə 2021-ci ildə 44 günlük Dağlıq Qarabağ müharibəsində Azərbaycan Respublikasına dəstək verib. Müharibə Rusiyanın vasitəçiliyi ilə başa çatdı, lakin Ankaranın müharibədə Bakıya tam hərbi dəstək verməsi Türkiyə ilə Ermənistan arasında münasibətlərə mənfi təsir göstərdi.

Müharibədən sonra Ermənistan, Türkiyə və Azərbaycan Respublikası arasında münasibətlərin normallaşmasına cəhdlər edilib . Amma indiyədək Azərbaycan və Ermənistan qüvvələri arasında sərhəd münaqişələri və təbii ki, Qarabağ müharibəsində Türkiyədən erməni xalqının acı xatirəsi kimi müxtəlif səbəblər bu prosesin gedişini  ləngidib. Ekspertlərin fikrincə, Ermənistan-Azərbaycan-Türkiyə münasibətləri normallaşmadan sülh və sabitlik bərqərar etmək istəyi reallaşmayacaq və ola bilsin ki, bu səbəbdən hər üç ölkənin hakimiyyət orqanları ara-sıra münasibətləri  yaxşılaşdırmaq istəklərini bildirirlər.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çərşənbə günü bildirib ki,  fasilədən sonra Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı danışıqları davam etdirməyin vaxtı gəlib çatıb.

“Hesab edirəm ki, bu, Türkiyədəki seçki kampaniyası ilə bağlı idi, lakin indi münasibətlərin normallaşdırılması üzrə danışıqları davam etdirməyin vaxtı çatıb. Hər iki tərəf yekun və tam normallaşma yolunda olduğunu göstərmək üçün konkret addımlar ata bilər”, - A.Mirzoyan bildirib.

O, belə mümkün addımlar sırasında diplomatik münasibətlərin qurulmasını və sərhədlərin ilk növbədə üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportlara malik Ermənistan və Türkiyə vətəndaşları üçün açılmasını qeyd edib. “Bir sıra digər layihələr də müzakirə olunur. Lakin hələlik dialoqun davam etdirilməsi üçün konkret tarixlər yoxdur”, - A.Mirzoyan qeyd edib.

Müşahidəçilərin fikrincə, may ayında keçirilən prezident seçkilərindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı İrəvan və Ankaranın iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində irəliləyişə nail olmaq istəyini təsdiqləyib.