Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : APA
çərşənbə

12 aprel 2023

16:27:55
1357724

Rusiya Ermənistandan NATO təlimlərində iştirakla bağlı izahat istəyib

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Rusiya Ermənistandan NATO təlimlərində iştirakla bağlı izahat istəyib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, NATO Rusiyanın tərəfdaşlarını öz manevri ilə aktiv şəkildə cəlb etməyə davam edir: "Şimal alyansı bunu NATO standartlarını tətbiq edərək həyata keçirir, bu dövlətlərin müdafiə komplekslərini yenidən format edərək həmin ölkələrin daxili və xarici siyasi proseslərinə, ordu quruculuğuna təsir rıçaqları əldə etməyə səy göstərir.

 Hər şeydən öncə bu, postsovet məkanına aiddir, hansı ki, NATO üçün Rusiya ilə əsl geosiyasi ziddiyyətlər meydançasıdır. ABŞ və onun müttəfiqləri Rusiya ilə region ölkələrinin əməkdaşlığını nüfuzdan salmağa cəhd göstərir, həmin ölkələri fərqli formatlarda əməkdaşlığa çəkir.

Həmin əməkdaşlıqlar açıq-aydın anti-Rusiya, demək olar ki, bəzən rusofob xarakter daşıyır. NATO-nun bu cür fəaliyyəti müxtəlif regionlarda vəziyyətin gərginləşməsinə, münaqişə potensialının artmasına, yeni ayırıcı xətlərin yaranmasına gətirib çıxarır.

Biz erməni həmkarlarımızdan Ermənistanın NATO təlimlərində iştirakı ilə bağlı rəsmi izahat istəmişik. Alacağımız cavaba görə reaksiyamız müəyyən olacaq. Sözsüz ki, Ermənistanın KTMT təlimlərini öz ərazisində keçirməkdən imtina etməsi təəssüf doğurur və regional təhlükəsizliyin yüksəldilməsinə yardım etmir".

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!